Dünən Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Heydər Əliyev mərkəzinin akt zalında "Azərbaycanı dünyaya tanıdan insan" mövzusunda elmi-praktiki konfrans və aprelin 14-də başladılmış müsabiqənin yekunu ilə bağlı tədbir keçirilib. Tədbirdə YAP rayon təşkilatının şura üzvləri, rayonun idarə, müəssisə rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov giriş nitqi söyləyərək, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, daxili və xarici siyasətdə, iqtisadiyyatda və ölkə həyatının bütün sahələrində həyata keçirdiyi islahatlardan, yerinə yetirilən möhtəşəm lahiyələrdən bəhs etmişdir.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun əsasını qoyduğu gənclər siyasətinin bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərə yüksək diqqət və qaygının göstərilməsi və onların gələcək inkişafının dövlət tərəfindən stimullaşdırılmasından, gənclərin problemlərinin həllinə yönələn dövlət proqramlarının həyata keçirilməsindən, əlverişli təhsil mühitinin yaradılması və istedadların üzə çıxarılmasından, gənclərin qurub-yaratmaq əzminin daha da artmasından bəhs etmiş, göstərilən dövlət qayğısının gənclərimizin vətənə və xalqa layiqli övlad olmalarına sövq etməsi haqqında danışmışdır. Günümüzün reallığının Ulu Öndər Heydər Əliyev ideyalarına və milli-mənəvi dəyərlərimizə, vətənimizə, ana dilimizə, qədim tariximizə və millətimizə sadiq gənclər yetişdirməyi və müstəqil Azərbaycanın inkişafına töhfələr verməyi tələb etdiyini, gənclərin intellektual potensialının, idmana və musiqiyə olan marağının daha da artırılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən digər çıxışçılar - Ruslan Əliyev və Aygül Əliyeva müstəqilliyimizi əbədiləşdirən, bütün sahələrə dərindən bələd olan, uzaqgörən siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, Onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyəti haqqında danışdılar.
Tədbirin sonunda yürüş və müsabiqələrin qalibləri YAP Göygöl rayon təşkilatı tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif edilmiş, həmçinin YAP sıralarına yeni üzv olmuş gənclərə partiya biletləri və hədiyyələr təqdim olunmuşdur.
Afət TAHİRQIZI