AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda təşkil olunan tədbirdə "Dahi azərbaycanlı" sənədli filmi nümayiş etdirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən və bu elmi müəssisədə Ulu Öndərin irsinin araşdırılması istiqamətində həyata keçirilmiş işlərdən danışıb.
O, dövlət xadimi Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında tarixçilərlə görüşlərində həmişə xalqımızın son 200 ildəki tarixinin yenidən araşdırılmasını tövsiyə etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın həmin illərdəki tarixinin yenidən mükəmməl və hərtərəfli şəkildə tədqiq edilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Y.Mahmudov Tarix İnstitutu tərəfindən Ulu Öndərin irsinin araşdırılmasına xüsusi diqqət yetirdiyini vurğulayaraq bu məqsədlə 2011-ci ildə bu elmi müəssisədə Əliyevşünaslıq şöbəsinin yaradıldığını bildirib: "Bu müddət ərzində institutda Ümummilli Liderin çoxşaxəli ömür yolu, siyasi fəaliyyətinin müxtəlif aspektləri, 1969-2003-cü illərdəki daxili və xarici siyasəti araşdırılmış, bu mövzuda müxtəlif elmi əsərlər yazılaraq nəşr olunmuşdur. Ulu Öndərin zəngin həyat və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli-mənəvi və ümumbəşəri dəyərləri, xarici siyasətinin müxtəlif aspektləri, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda yorulmaz mübarizəsini əks etdirən "Heydər Əliyev" (iki cilddə, Bakı, 2013) fundamental monoqrafiyası çap olunmuşdur. Bununla yanaşı, institutumuz tərəfindən ikicildlik "Heydər Əliyev. Azərbaycan elminin keşiyində" sənədlər və materiallar toplusu da nəşr etdirilmişdir. Gənc tədqiqatçılarımız görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyəti ilə bağlı dissertasiya mövzuları yazmış və uğurla müdafiə etmişlər. Bugünkü tədbir çərçivəsində də institutun gənc tədqiqatçılarının Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dissertasiya işlərinin müdafiəsi olacaqdır". Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin ömür yoluna həsr olunmuş "Dahi azərbaycanlı" sənədli film nümayiş etdirilib.
Filmin ssenari müəllifi və təqdimatçısı AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. "Dahi azərbaycanlı" sənədli filminə Ümummilli Liderin zəngin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə də Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrü və gənclik illərini əks etdirən maraqlı faktlar daxil edilmişdir. Tədbirdə Tarix İnstitutu tərəfindən hazırlanmış, Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edən kitablar da nümayiş etdirilib.
NƏZAKƏT