PDF Oxu

Siyasət

  • 8

Azərbaycanda sahibkarlığın inkişafı və formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda sahibkarlığın inkişafı və formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonda fəaliyyət göstərən xalçaçı qadınların çalışdığı "Xoşbəxt-X" müəssisəsində tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycanın dövlət müstəqilliyi təhlükə altında olanda, ölkə son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda ziyalılarımız Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaratdı. Ulu Öndər Heydər Əliyev xalqın inamını özünə qaytardı. Ümummilli Lider bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirirdi: "Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır". Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir.

Rayon təşkilat sədri qeyd etdi ki, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biridir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Ulu Öndərin rəhbərliyi altında iqtisadi və dövlət-idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən, sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Ə.Vahabova bildirdi ki, bu gün respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmasını, əhalinin maddi rifah halının yaxşılaşmasını, nəzərəçarpacaq uğurların qazanılmasını qeyd edən rayon təşkilat sədri bu baxımdan sahibkarların rolunun danılmazlığını vurğulayıb. Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti mərhələsi ərəfəsindədir: "Bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi-dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir".

Daha sonra YAP İsmayıllı rayon təşkilatının qadınlar şurasının sədri Xuraman Qurbanova, özəl müəssisənin rəhbəri Ruhiyyə Süleymanova çıxış edərək bildirdilər ki, Böyük Şəxsiyyət Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, Onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 22 ili ərzində həyatımızın bütün sahələrində o cümlədən sahibkarlığın inkişafı sahəsində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

ZÜMRÜD

Digər xəbərlər