PDF Oxu

Siyasət

  • 11

Binəqədi rayonunda möhtəşəm Gül Bayramı

Binəqədi rayonunda möhtəşəm Gül Bayramı

Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirildi

Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gül Bayramı keçirilib. Rayonun Heydər Əliyev adına İstirahət Parkında keçirilən tədbirdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayram tədbirində ölkənin və rayonun sosial-iqtisadi inkişafını simvolizə edən təbii gül-çiçəklərdən hazırlanmış kompozisiyalar nümayiş etdirilib. İqtisadiyyat, gənclər, idman, turizm, təhsil, ordu, səhiyyə, mədəniyyət, neft sənayesi kimi ölkə həyatının müxtəlif sahələrini əks etdirən, eləcə də Azərbaycan diasporasını və əzəli yurd yerimiz olan Qarabağı, Şuşa qalasını təcəssüm etdirən tər çiçəklərdən quraşdırılmış kompozisiyalar öz orijinallığı ilə seçilirdi. Qeyd edim ki, kompozisiyaların hazırlanmasında 100 mindən çox təbii gül və çiçəkdən istifadə olunmuşdur.

Rayon rəhbərliyi və qonaqlar xüsusi zövqlə hazırlanmış, göz oxşayan xalça muzeyi, Bakı Aeroportu, neft buruqlarını əks etdirən kompozisiyaların önündən keçərkən Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarının səsləndirilməsi bayram tədbirinə əlavə rəng qatıb. Ümummilli Lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən olmuşdur. Rayonun bütün orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış güllərlə bəzədilmiş stendlər də bayram şənliyinin gedişində nümayiş etdirilib. Tədbirdə bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb olub. Qarabağa həsr olunmuş kompozisiyanın önündə məktəblilərin ifasında səslənən vətən həsrəti və yurd yanğısını tərənnüm edən "Xarı bülbül" mahnısı qonaqlar tərəfindən maraqla qarşılanıb. Həmçinin, Qarabağdan gətirilmiş Xarı bülbül gülü də qonaqlara təqdim olunub.

Gül Bayramı Ümummilli Liderimiz Heydər Əliyevin 91 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, Onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı - Ulu Öndərə sonsuz qayğı və ehtiram ifadə olunurdu. Bayram tədbirində təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırırdı. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaradıb.

Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra Ulu Öndərin anadan olmasının 91 illiyinə həsr olunan konsert proqramına tamaşa ediblər. Parkın mərkəzində qurulan səhnədə respublikanın tanınmış incəsənət ustalarının ifasında Azərbaycana və Ulu Öndərə həsr olunan, könül oxşayan, xoş ovqat bəxş edən mahnılar və şeirlər səsləndirilib. Əsil bayram əhval-ruhiyyəsinin hiss olunduğu tədbirin sonunda səmaya 5 min şar buraxılıb.

Axşam saatlarında Binəqədi rayonundakı Heydər Əliyev adına İstirahət Parkında reallaşdırılan konsertdə xaricdən dəvət olunmuş incəsənət ustaları - neonlu davul çalanlar qeyri-adi konsert proqramı ilə çıxış ediblər. Geniş rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konsert proqramının gedişində "91" adlı fləşmob keçirilib. Fləşmobda rayon sakinləri tərəfindən Ulu Öndərin anadan olmasının 91 illiyi münasibətilə 91 ədəd uçan fənər havaya buraxılıb. Sonda Müslüm Maqomayevin "Azərbaycan" kompozisiyasının sədaları altında qeyri-adi atəşfəşanlıq nümayiş etdirilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər