PDF Oxu

Siyasət

  • 10

Şuşalılar Şəhidlər Xiyabanını ziyarət edib

Şuşalılar Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, digər rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəb şagirdləri, tələbələr və digər qonaqlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA-nın məlumatına görə, qonaqlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüblər.Daha sonra mərasim Beynəlxalq Muğam Mərkəzinin foyesində şuşalı rəssamların əsərlərinin nümayişi ilə davam etdiriləcək. Tədbirin açılışından sonra Şuşalı hərbiçilər haqqında sənədli film nümayiş olunacaq. Bundan sonra isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun çıxışları gözlənilir.Qeyd edək ki, Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

sia.az

Digər xəbərlər