PDF Oxu

Siyasət

  • 7

Böyük rəhbərin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilmişdir

Böyük rəhbərin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilmişdir

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Mərkəzin rəsm studiyasının gənc rəssamlarının Ulu Öndərə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mövzu ilə bağlı məruzə etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Bildirilmişdir ki, XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətində həmişə xalqın milli özünüdərkinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişi mühüm yer tutmuşdur. Ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarmışdır.

Məruzəçi dahi rəhbərin ötən əsrin 70-80-ci illərində Lənkərana etdiyi tarixi səfərlərindən, həmin illərdə Lənkəranın iqtisadiyyatının sürətli inkişafından, rayonun böyük tikinti meydançasına çevrilməsindən, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşmasından ətraflı söz açmışdır.

Diqqətə çatdırılmışdır ki, 1993-cü ildə Azərbaycanın müasir milli inkişaf siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev 1993-2003-cü illərdə möhkəm iradəsi, uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində respublikamızın suverenliyini qoruyub saxlaya bilmiş, ölkəmizdə dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar olunmuş, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirilmişdir.

Böyük rəhbərin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz bütün sahələr üzrə möhkəmləndirilmiş, ölkəmiz beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilmişdir. Azərbaycanın müstəqilliyinin dönməzliyi, gələcək inkişafının beynəlxalq təminatı və maddi resursları təmin olunmuşdur.

Məruzəçi, həmçinin ulu öndər Heydər Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğıdan, hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların müvəffəqiyyətlə yerinə yetirilməsindən ətraflı söhbət açmış, Ümummilli Liderin ölməz, işıqlı xatirəsinin xalqımızın, o cümlədən lənkəranlıların qəlbində əbədi yaşayacağına əminlik bildirmişdir.

Konfransda çıxış edən rayon təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, mərkəzi rayon xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, rayon qadınlar şurasının sədri Elduzə Əhmədova, xarici dillər təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev və Lənkəran Dövlət Universitetinin dosenti Rakif İbadov Ulu Öndərin şərəfli ömür yolundan danışmış, arzu və təkliflərini bildirmişlər.

AzərTAc

Digər xəbərlər