Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə bağlı mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər rayon İcra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri və xarici qonaqlar iştirak edib.Əvvəlcə qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində şuşalı rəssamların əsərlərinə tamaşa ediblər.Daha sonra şuşalı hərbiçilər haqqında sənədli film nümayiş olunub."Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri-icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov mərasimi açıq elan edərək deyib ki, Ermənistan Azərbaycan əhalisinə qarşı etnik-təmizləmə siyasəti aparıb: "Çox təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi hələ də icra olunmayıb. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb".Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini bir daha ortaya qoyur: "Ölkə başçısının Ermənistan prezidenti Serj Sarksiyana tutarlı cavabı buna nümunə olaraq göstərilə bilər. Bu bir daha göstərdi ki, Azərbaycan Türkiyə qardaşlığı, dostluğu əbədidir və bundan sonra da davamlı olacaq. Qaçqın və Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən uğurlu addımlar atılır. İnanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda, ədalətli şəkildə öz həllini tapacaq".Diqqətə çatdırılıb ki, 1989-cu ilədək Şuşanın əhalisi 23 min nəfər olub: "Bugünkü ordumuz MDB məkanında ən müasir silahlarla təmin olunub. Azərbaycanda təkcə orduya ayrılan xərc bütün Ermənistanın büdcəsindən çoxdur. Azərbaycan inkişaf edir. Ölkədə görülən işlər bir daha sübut edir ki, Azərbaycan haradadır, Ermənistan harada! SSRİ tərkibində olduğumuz zaman qardaş xalqlar kimi yaşamağımıza aldanmışıq. Bu gün Azərbaycan müstəqil dövlətdir və Azərbaycan Prezidenti İlham Əliyev dünyada böyük uğurlar qazanıb. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın bütün işğal altında olan rayonları azad ediləcək".Tədbir hazırda davam edir.
sia.az