Bayram tədbiri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə təşkil olunmuşdu
Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar gün münasibəti ilə artıq neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində "Gül bayram"larının keçirilməsi bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş Dahi Şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Paytaxtımızın Suraxanı rayonunda da əsil bayram ovqatı yaşanmaqdaydı. Həzin musiqi sədaları günəşli may günündə hər bir suraxanılını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Heydər Əliyev Parkında keçirilən ümumrayon "Gül bayramı"na səsləyirdi. Park başdan-başa gül-çiçəyə bürünmüşdü.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucalan möhtəşəm abidəsinin ətrafında güllərdən toxunmuş xalça kompozisiya yaradılmışdı. Fəvvarələr meydanında Ulu Öndərin portretlərindən təşkil olunmuş "Yeddi portret", Bayraq meydanında, parkın "Gənclik bağçası"nda, "Skulptura bağı"nda və digər guşələrində təbii güllərdən yaradılmış müxtəlif kompozisiyalar diqqət çəkirdi. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Gül bayramında təbii güllərdən hazırlanaraq nümayiş etdirilən "Atəşgah", "Neft qülləsi", "Saat", yaşıl çəmən üzərində yaradılmış "Alov qüllələri", "Qız Qalası" və digər əl işləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olurdu. İştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar.
Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİH yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Suraxanı rayonu Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edərək, abidənin önünə tər güllər düzdülər. Sonra tədbir iştirakçıları parkda düzənlənən gül kompozisiyaları və əl işləri ilə tanış oldular.
"Gül bayramı"ndan sonra Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə rayon sakinləri və qonaqlara möhtəşəm konsert proqramı təqdim olundu. Konsertdə ölkəmizin tanınmış mədəniyyət və incəsənət ustaları maraqlı və rəgarəng konsert proqramı ilə çıxış etdilər. Konsert möhtəşəm atəşfəşanlıqla başa çatdı.
ZÜMRÜD BAYRAMOVA