PDF Oxu

Siyasət

  • 10

Lənkəran teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub

Lənkəran teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub

Dünən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktori Tofiq Heydərov Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, Azərbaycanda taleyüklü məsələlərin həllində atdığı qətiyyətli addımlardan danışıb. Bildirilib ki, Heydər Əliyev istər sovetlər dönəmində Azərbaycana rəhbərliyi dövründə, istərsə də 1993-cü ildəki qayıdışından sonra ölkəmizin inkişafı məqsədilə bir çox ölçüyəgəlməz layihələr həyata keçirib. Ulu Öndər müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olub. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev öz xalqının siyasi və dövlətçilik şüurunda Ümummilli Lider yüksəkliyini fəth edib.

Tədbirdə teatrın aparıcı aktyorlarından xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, aktrisa Qızılgül Quliyeva, teatr həmkarlar ittifaqının sədri Miraslan Ağayev və başqaları çıxış edərək Heydər Əliyevin milli mədəniyyətimizə, incəsənət xadimlərinə qayğısından söz açıblar. Bildirilib ki, Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə Ümummilli Liderin xeyir-duası ilə fəaliyyətini bərpa edib. Məhz xeyirxah insan, sənətçilərin yaxın dostu olan Heydər Əliyevin sərəncamları ilə teatrın onlarla işçisi ən yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görülüblər.

Yığıncaq iştirakçıları birmənalı şəkildə bildiriblər ki, bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsidir.

ÜLVİ

Digər xəbərlər