PDF Oxu

Siyasət

  • 12

1941-45-ci illər müharibəsi - tarixi qələbədən 69 il keçir

1941-45-ci illər müharibəsi - tarixi qələbədən 69 il keçir

"Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur"

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

"Hər bir insan silaha sarılaraq öz ölkəsini müdafiə etmiş, dünyada və Avropada azadlığı qorumuş adamlara dərin ehtiramını bildirməlidir..."

PREZİDENT İLHAM ƏLİYEV

Bu gün 1941-45-ci illər müharibəsindən - tarixi qələbədən 69 il keçir.

Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə böyük töhfə verməklə, bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Müharibəyə yollanan 700 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

İkinci Cahan savaşının od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara, müharibə veteranlarına Azərbaycanda böyük sayğı var. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etdi. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur" deyən Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını "xalqımızın qızıl fondu" adlandırırdı.

Bəlli idi ki, müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət göstərilirdi. AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə ikinci qayıdışından sonra İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarıldı və 1994-cü ildən başlayaraq ölkəmizdə 9 May Qələbə Günü kimi qeyd olunur.

Ulu Öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çünki ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə günü ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.

Müharibə veteranları, əlil və şəhid ailələri dövlətin qayğısı ilə əhatə olunub

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, müharibə veteranları, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, müharibə veteranlarına, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır.

Qeyd edək ki, ölkə Prezidenti Cənab İlham Əliyev 2003-cü ildən başlayaraq hər il müharibə veteranları ilə bağlı yeni qərarlar qəbul edir. Qələbənin 60 illiyi ərəfəsində Prezident İlham Əliyev "1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında" 1 may 2005-ci il tarixli Fərmanı ilə bu insanların şücaətini bir daha qiymətləndirdi.

Tarixi qələbənin 65 illiyi münasibətilə isə Milli Proqram hazırlandı, müxtəlif tədbirlər həyata keçirildi. Dövlət başçısının 2010-cu il 2 mart tarixli Sərəncamına əsasən, müharibə iştirakçıları və arxa cəbhədə əmək fəaliyyəti ilə məşğul olmuş şəxslər 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı ilə təltif olundu. Ölkə başçısının 22 aprel 2010-cu il tarixli "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi" barədə Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə 500 manat, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul qadınlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım verildi.

Prezident İlham Əliyev Qələbənin 66-cı ildönümü ərəfəsində də veteranlara daha bir qayğısı ilə diqqət çəkdi. Prezidentin Sərəncamı ilə müharibə iştirakçılarına 500, digər kateqoriyalardan olan iştirakçılara, o cümlədən Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım verildi. 2012-ci ilin mayında da Prezident İlham Əliyev veteranlara qayğısını növbəti Sərəncamı ilə təsdiq etdi.

Ölkə Prezidentinin növbəti Fərmanı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün həcmi aprel ayının 1-dən artırılıb. Yeni Fərmana əsasən, sözügedən müavinətin aylıq məbləği I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib. Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub.

"Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı da əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.

Sözügedən Fərmana əsasən, müvafiq şəxslərə verilən sosial müavinətlərin həcmi 45 manat müəyyənləşdirilib. Bundan başqa, martın 17-də imzalanan digər Fərmanla əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Eyni zamanda Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da müharibə veteranlarından şəfqət və mərhəmətini əsirgəmir, onların sağlamlığını, problemlərini daim diqqətdə saxlayır. Heydər Əliyev Fondunda veteranlarla keçirilən görüşlər isə qəhrəman və həm də bu kövrək qəlbli insanlar üçün unudulmaz tarixə çevrilib. 1945-ci ildə bəşəriyyətin faşizm üzərində qələbəsi ədalətin, Xeyir qüvvələrin şərin üzərində qələbəsi idi. "Hər bir insan silaha sarılaraq öz ölkəsini müdafiə etmiş, dünyada və Avropada azadlığı qorumuş adamlara dərin ehtiramını bildirməlidir..." fikri Prezident İlham Əliyevə məxsusdur. Bu, təkcə veteranlara, onların problemlərinə diqqət deyil, həm də sabah Qarabağdan qələbə xəbərini gətirəcək igidlərə mesajdır. İkinci Cahan savaşında qəhrəmanlıq göstərənlərin nümunəsi və bir də dövlətin onlara qayğısı sabahkı qələbəni təmin edəcək amillərdəndir.

Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq Sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir. Beləliklə, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsil vətənpərvərlik nümunəsi olacaqdır.

R.HÜSEYNOVA

Digər xəbərlər