Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver Ümummilli Lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Böyük millətlərin böyük övladları olur" sərlövhəli məqalə ilə çıxış etmişdir.
www.hurriyetdailynews.com saytında yayılmış məqalədə ayrı - ayrı dövrlərdə xilaskarlıq missiyası göstərmiş tarixi şəxsiyyətlərlə Ulu Öndərimiz müqayisə olunur və daha uca zirvələri fəth etdiyi diqqətə çatdırılır.
Müəllif yazır ki, Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət əsrlər üçün hesablanmış inkişaf strategiyasının möhkəm təməlini yaratmışdır.
Bu məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyat keçirilməsi ötən dövrdə Azərbaycanın hərtərəfli inkişafını təmin etmiş, xalqın rifahını yüksəltmiş, dövlətin qüdrətini artırmış, beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmişdir.
Professor faktlarla əsaslandırmışdır ki, indi Azərbaycan özünün müstəqil siyasəti və geniş iqtisadi imkanları ilə qardaş Türkiyənin iqtisadiyyatının çiçəklənməsi üçün də böyük sərmayədara çevrilmişdir.
AzərTAc