PDF Oxu

Siyasət

  • 13

Azərbaycan dünya panoramasının diqqətindədir

Azərbaycan dünya panoramasının diqqətindədir

Türkiyənin "TRT-türk" televiziya kanalı Bakıda təşkil olunmuş Gül bayramı barədə veriliş yayımlayıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mayın 10-da Bakıda Ulu Öndərin adını daşıyan sarayın qarşısındakı parkda və şəhər Mərkəzi Parkında ənənəvi Gül bayramı təşkil edildi. Həmin gün Bakı sakinlərinin sevimli istirahət məkanı rəngarəng güllərə qərq olmuşdu. Bu günəşli may günündə parklar boyunca paytaxt sakinlərini bayrama dəvət edən klassik musiqilərimiz səslənirdi. Səhər tezdən başlayaraq paytaxtımızın sakinləri, eləcə də şəhərimizin qonaqları gül-çiçəklə bəzədilmiş parklarda rəmzi pavilyonları gəzir, burada xatirə şəkilləri çəkdirirlər. Onların sırasında hər yaşdan və müxtəlif millətlərdən olan insanları görmək mümkündür.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bayramda parkın girişinə çiçəklərlə bəzədilmiş İçərişəhərin Qoşa Qala qapıları formasında tağlar nağıllar və gözəllik aləmini xatırladırdı. Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdü.

Bu möcüzəli aləm Türkiyənin "TRT-türk" televiziya kanalı vasitəsilə çoxsaylı tamaşaçıya çatdırılıb. Hər zaman Azərbaycanın uğurlarına sevgi ilə yanaşan xarici mətbuat, teləviziya kanalları budəfəki sevincimizə də laqeyd qalmayıblar. Televiziya kanalı Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş Gül bayramı barədə veriliş yayımlayıb. Televiziya tamaşaçılarının diqqətinə çatdırılıb ki, Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın arxasında yerləşən Şəhər Mərkəzi Parkı öz görkəmini tam dəyişib, burdakı füsunkar gözəllik ziyarətçilər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

Prezident Cənab İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri gül bayramında iştirak ediblər. Çiçək və bitkilərdən, yarpaqlardan hazırlanmış çox sadə, eyni zamanda, orijinal kompozisiyalar görünüşü ilə ziyarətçilərdə xoş ovqat yaradırdı. Müxtəlif ikebanalar, rəngarəng pannolar və peyzajlar, şagirdlərin əlləri ilə yığılmış buketlər, gül səbətləri, dekorativ bitkilərdən hazırlanmış dövlət rəmzləri, eksponatlar bayrama gələnlərin diqqətini cəlb edirdi.

Hər bir işdə Dahi Şəxsiyyətə böyük sevgi öz əksini tapmışdı. Buraya toplaşanları Azərbaycanı çiçəklənən diyara çevirmiş Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsinə dərin ehtiram birləşdirirdi. Parklardakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, Dahi Şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözləri ilə baxmağa vadar edirdi. Maraqlı odur ki, minlərlə çiçəyin bir arada toplandığı bu məkanlarda heç nə bir-birini təkrarlamırdı. Müxtəlif əl işlərinin fonunda Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar da sakinlər tərəfindən maraqla qarşılanıb. Yayımlanan verilişdə bu ürəkaçan mənzərə tamaşaçılara təqdim edilib.

Ulu Öndər Heydər Əliyevin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də böyük hörmət və məhəbbətlə xatırlanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər