PDF Oxu

Siyasət

  • 11

Azərbaycan xalqının əbədi Lideri

Azərbaycan xalqının əbədi Lideri

Respublikamızın şəhər və rayonlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı silsilə tədbirlər davam edir

ASTARA

Astara rayonunda Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Astarada mayın 10-da ümumrayon tədbiri keçirilib. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül dəstələri qoydular.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxdılar. Həmçinin, YAP Astara rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi praktiki konfrans keçirildi. İlk öncə Ulu Öndərin həyatından bəhs edən "Əbədiyyət yolu" videofilmi nümayiş olundu. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açdı, xatirəsi ehtiramla yad edildi.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev, rayon Ağsaqqallar Şurası sədrinin müavini Ağagül Qasımov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Elza Kazımova, rayon icra hakimiyyətinin məsul işçisi Emin Fətəliyev, Astara şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Məmmədova və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söylədilər. Sonra Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən respublika inşa müsabiqəsinin qalibi Kijəbə qəsəbə tam orta məktəbin şagirdi Rafət Hacızadəyə Fəxri Fərman təqdim edildi.

Tədbir axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən geniş konsert proqramı ilə davam etdi.

QOBUSTAN

YAP Qobustan rayon təşkilatı və rayon təhsil şöbəsi ilə birlikdə "Heydər Əliyev -91" devizi altında məktəblərarası futbol yarışmasının final mərhələsini keçirdi. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül- çiçək dəstələri qoydular. Sonra tədbir rayon futbol meydançasında davam etdirildi. Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Fizuli Güləliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F.Güləliyev bildirdi ki, Ulu Öndərin 91 illiyi ilə bağlı aprel ayının 20-dən başlayan məktəblərarası futbol yarışması may ayının 9-da final mərhələsilə yekunlaşdı.

Sonda qalib komandalara kubok, diplom və xatirə hədiyyələri təqdim olundu.

TƏRTƏR

YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirildi. Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-muzeylə tanışlıqdan sonra mərkəzin konfrans zalında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin keçdiyi mənalı həyat yolu barədə məruzə ilə çıxış etdi.

Konfransda YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, şəhər 2 saylı məktəb liseyin direktoru Gülarə Əkbərova və başqaları çıxışlarında bildiriblər ki, həm sovetlər hakimiyyəti, həm də müstəqillik dövründə Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Çıxışlarda qeyd edilib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Sonra Heydər Əliyev Parkında Gəncə Dövlət Filormoniyasının konsert qrupunun iştirakı ilə rayonun ictimaiyyəti üçün geniş konsert verildi. Tədbir atəşfəşanlıqla yekunlaşdı.

ŞƏMKİR

Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü təntənəli surətdə qeyd olundu. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, idarə, müəssisə, təşkilat rəhbərləri eyni zamanda işçiləri və rayon ictimaiyyəti iştirak etdilər.

Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən əzəmətli heykəli önünə rayon rəhbərliyinin və ictimaiyyətinin tər gül-çiçəklər, əklil düzməsi ilə başlandı, daha sonra rayonun bir sıra orta məktəb şagirdlərinin əbədi-bədii kompozisiyası və incəsənət adamlarının çıxışı ilə davam etdirildi.

Digər xəbərlər