Əli Həsənov: "20 ildə bir daha sübut olundu ki, bölgədə işğalçılıq siyasətinin, özgə torpaqlarına iddia siyasətinin perspektivi yoxdur"
1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.
Atəşkəs müqaviləsinin imzalanmasından 20 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri hələ də razılaşmaya əməl etmirlər. Ermənilər hər gün cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərini avtomat, pulemyot və müxtəlif növ iriçaplı silahlardan atəşə tuturlar. Ancaq Azərbaycan Ordusu vətənin keşiyində ayıq-sayıq dayanıb, atəşkəsi pozan qüvvələrə layiqli cavab verirlər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəs rejiminin əsasını qoyan "Bişkek protokolu"nun imzalanmasından ötən 20 ilin Azərbaycana nə verdiyi barədə sualı cavablandırarkən bildirib ki, ötən 20 ildə Azərbaycan bütün dünyaya Dağlıq Qarabağ məsələsində özünün beynəlxalq hüquqlarını, ermənilərin Azərbaycanın torpaqlarını işğal etməsi faktını, Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərin ermənilərin Azərbaycan ərazi iddiası üzərində bərqərar olduğunu sübut etdi: "Ötən 20 ildə sübut olundu ki, bölgədə işğalçılıq siyasətinin perspektivi yoxdur".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan atəşkəsə nail olaraq bölgədə böyük transmilli layihələrin təşəbbüskarı kimi çıxış etdi və bu layihələrin reallaşdırılmasına nail oldu: "20 ildə Azərbaycan və Cənubi Qafqaz, o cümlədən Xəzər hövzəsi Azərbaycanın yürütdüyü transmilli siyasət nəticəsində dünyanın əsas geoiqtisadi bölgələrindən birinə, əsas beynəlxalq transmilli layihələrin reallaşdırıldığı məkanlardan birinə çevrildi və Xəzər hövzəsi dünyanın enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm bir mənbə oldu".
R.KAMALQIZI