Əli Əhmədov: "YAP siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı, eyni zamanda ölkəmizin ictimai həyatında müxtəlif aksiyaların keçirilməsində təşəbbüsçü olur, quruculuq işlərinə dəstək verir"
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olan Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirləri silsilə xarakter alıb. Mayın 9-da Yeni Azərbaycan Partiyası və Nərimanov rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət İqtisadi Universitetinin Nərimanov rayonundakı filialının arxasında keçirilən növbəti ağacəkmə aksiyası da bu tədbirlər sırasındandır.
Görüşdə Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər sırasına ağacəkmə kampaniyası da daxil edilmişdir: "Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Partiyanın təşkil etdiyi aksiyalar sırasında Bakı şəhərində yaşıllaşdırmaya dəstək verilməsi önəmli yer tutur. YAP dəfələrlə Bakının müxtəlif zonalarında ağaclar əkib. Məmnunluqla demək istəyirəm ki, əkilən ağacların böyük əksəriyyəti o zonaların yaşıllığına əhəmiyyətli töhfə verir. Bu gün də (mayın 9-u) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakının Nərimanov rayonunun bu sahəsində ağacəkmə kampaniyası həyata keçirilir. Gördüyünüz kimi, bu yaşıllıq zonasının formalaşmasına Yeni Azərbaycan Partiyası bundan əvvəl də keçirdiyi aksiya ilə dəstək vermişdir. Həmin aksiyaların davamı olaraq bu gün gerçəkləşdirdiyimiz aksiyada partiya fəallarının iştirakı ilə yüzlərlə ağac əkiləcək. Güman edirəm ki, bu, ağacəkmə aksiyası istiqamətində həyata keçirdiyimiz sonuncu aksiya olmayacaq. Gələcəkdə də bu kampaniyalar davamlı olacaq. Bütövlükdə Yeni Azərbaycan Partiyası öz missiyasını ölkənin ictimai-siyasi həyatında iştirak etməklə başa çatmış hesab etmir. YAP siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı, eyni zamanda ölkəmizin ictimai həyatında çox müxtəlif aksiyaların keçirilməsində təşəbbüsçü olur, quruculuq- yaradıcılıq işlərinə dəstək verir. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının geniş və çoxşaxəli fəaliyyət göstərməsindən xəbər verir. Güman edirəm ki, bu gün yaşıllıqların genişləndirilməsi məqsədilə əkliən ağaclar Bakıda ekologiyanın təmizlənməsinə dəstək olacaq. Bundan sonra da bu işlər davamlı olacaq."
Ə.Əhmədov onu da bildirdi ki, bu aksiya partiya fəallarının respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərinə töhfəsidir: "Bir neçə ildən sonra bu ağaclar böyüyəcək, paytaxt Bakının ekologiyasının qorunmasına, ekoloji tarazlığın təmin edilməsinə öz töhfəsini verəcək. Beləliklə də, Bakı şəhərində həyata keçirilən yaşıllıq, ekoloji sağlamlıq kampaniyasına dəstək vermiş olacağıq. Çağırışa partiyanın fəallarının belə yüksək səviyyədə cavab verməsi Heydər Əliyevin xatirəsinə hörmətin və diqqətin göstəricilərindəndir".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova qeyd etdi ki, yaşıllaşdırma kamapaniyasına dəstək olmaq partiyanın fəaliyyətində aparıcı istiqamətlərdən birini təşkil edir: "Əlamətdar günlərdə Yeni Azərbaycan Partiyası hər zaman belə təşəbbüslərlə çıxış edir. Ətraf mühit, yaşıllaşdırma, abadlıq işlərində iştirak etmək hər bir partiya üzvünə böyük zövq verir. Bu gün çox gözəl bir gündür. Yüzlərlə gənc, partiya fəalı burada ağacəkmə kampaniyasında fəal iştirak edir. Adət- ənənələrimizə uyğun olaraq hər kəs yaşadığı dövr ərzində ən azı iki ağac əkməlidir. Amma Yeni Azərbaycan Partiyasının üzvləri artıq nə qədər ağac əkdiklərinin sayını itiriblər. Bu, çox gözəldir. Çünki şəhərimiz gözəlləşir, abadlaşır, bu prosesdən kənarda qalmaq olmaz. Siyasi fəaliyyətlə yanaşı, bu kimi sosial layihələrin həm iştirakçısı və təşəbbüskarı olmaq, cəmiyyəti daha geniş şəkildə bu prosesə cəlb etmək, ekologiya, ətraf mühitin qorunması sahəsində problemlərin həllində təşəbbüskar və təşkilatçı olmaq Yeni Azərbaycan Partiyasının missiyasıdır. Ulu Öndər Heydər Əliyevin siyasəti hər istiqamətdə uğurla davam etdirilir. Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü yüksək səviyyədə qeyd olunur. Belə bayram günlərində əhval-ruhiyyəmizin yüksək səviyyədə olması bizləri təbiətin qorunmasına daha böyük töhfələr verməyə ruhlandırır. Əkilən hər bir ağac şəhərimizin ekologiyasının qorunmasına xidmət edəcək. Qoy əkilən hər bir ağac Azərbaycan dövləti kimi inkişaf etsin, böyüsün, qol-qanad açsın və xalqımızın rifahına, sağlamlığına xidmət etsin."
YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd etdi ki, Yeni Azərbaycan Partiyası hər il Ulu Öndər Heydər Əliyevin ad günü münasibətilə müxtəlif xarakterli tədbirlər keçirir. Bu tədbirlər sırasında yaşıllaşdırma kampaniyasında iştirak önəmli yerlərdən birini tutur: "Bilirik ki, Ümummilli Lider Heydər Əliyev ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması istiqamətində çox böyük siyasət həyata keçirib. Onun hakimiyyəti illərində Bakı şəhərində böyük yaşıllıq zolaqları salınıb. Prezident İlham Əliyev Ulu Öndərin siyasətini davam etdirərək yaşıllaşdırma, ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin edilməsi siyasətini çox ciddi şəkildə həyata keçirir. Heydər Əliyev Fondu da bu istiqamətdə çox böyük işlər görməkdədir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıq zolaqlarının salınması istiqamətində davamlı tədbirlər görülür. Ekologiyanın qorunmasına xidmət edən tədbirlər davamlılığı ilə diqqət çəkir. Yeni Azərbaycan Partiyası da ildə bir neçə dəfə bu kimi tədbirləri keçirməkdədir. Bu gün də partiyanın fəalları, gəncləri gördüyünüz ərazidə böyük bir yaşıllıq zolağının salınmasında iştirak edir. Bu, Ulu Öndərin siyasətinə töhfədir."
M.Qurbanlı qeyd etdi ki, "Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti bu gün möhkəm əllərdədir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində uğurlarımız günbəgün artmaqdadır.
YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirdi ki, Yeni Azərbaycan Partiyası hər il Ulu Öndər Heydər Əliyevin doğum günündə yaşıllaşdırma aksiyası həyata keçirir: "Bu gün də həmin ənənənin davamıdır. YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın fəal gəncləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər. Gördüyünüz ərazi Yeni Azərbaycan Partiyası tərəfindən salınmış meşəlikdir. Hesab edirəm ki, biz burada çox böyük yaşıllıq ərazisi yaradacağıq. Çünki bundan öncə Bayıl ərazisində böyük yaşıllıq zolağı salmışdıq. Yaşıllaşdırma kampaniyası davamlıdır."
Göründüyü kimi, fikirlər müxtəlif olsa da, ümumi rəy ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycanı qarşıda daha möhtəşəm, biri-birindən əhəmiyyətli uğurlar gözləyir. Buna əsas verən başlıca amil isə dövlətimizin möhkəm təmələ əsaslanan, düzgün və düşünülmüş siyasətidir. Özünün də bu günümüz və gələcəyimiz üçün səsləndirdiyi tezisdə bu reallıq öz əksini tapıb: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"
RƏFİQƏ KAMALQIZI