PDF Oxu

Siyasət

  • 10

İlham Əliyev: “Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”

İlham Əliyev: “Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”

Mayın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayıb: "Hörmətli cənab Prezident, bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Dünən və bu gün biz artıq geniş fikir mübadiləsi, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı ilə bağlı danışıqlar apardıq.

Bu gün biz nümayəndə heyətlərinin iştirakı ilə bu danışıqları davam etdiririk. İkitərəfli gündəliyimiz çox genişdir, bir çox məsələləri əhatə edir. Hər bir istiqamət üzrə qarşılıqlı anlaşma vardır və qarşılıqlı dəstək göstərilir. Bir daha Sizi ürəkdən salamlayıram. Mən əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır." Fransa Prezidenti Fransua Olland bildirib ki, Fransa Azərbaycandakı böyük inkişafdan məlumatlıdır: "Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Artıq neçə illərdir ki, Azərbaycan Fransaya etimad göstərir. Fransa Azərbaycandakı böyük inkişafdan məlumatlıdır. Dünən biz bunun bütün sahələrdə müşahidə olunduğunu gördük. Bu səbəbdən bu səfər sadəcə dostluq, nəzakət səfəri deyil və bu, yalnız yüksək səviyyəli şəxslər, iki prezident arasında mövcud olan əlaqələrlə bağlı deyildir. Bu səfər nəticələr verməlidir, iqtisadi baxımdan mübadilələrimizi, sərmayələrimizi daha da artırmalıdır."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyanatı"nı dövlət başçıları İlham Əliyev və Fransua Olland imzaladılar. "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq Sazişi"ni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Moskva bürosunun direktoru Mişel Tararan imzaladılar. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzaladılar. "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Natiq Əliyev və Fransanın Azərbaycandakı səfir Paskal Mönye imzaladılar.

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında İnzibati Anlaşma"nı Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem imzaladılar. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində Niyyət Məktubu"nu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ali təhsil və tədqiqat üzrə dövlət katibi Jönöviev Fioraso imzaladılar.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev

bəyanatında diqqətə çatdırıb ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcək:

"Bu gün imzalanan sənədlər bizim bir çox sahələr üzrə gələcək əməkdaşlığımızı müəyyən edir. Bu sənədlərin arasında əlbəttə ki, Birgə Bəyanat xüsusi yer tutur. Çünki bu sənəddə bizim gələcək siyasi əlaqələrimizin əsas konturları əks olunur.

Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiqləyir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da gücləndirir. Son 2 il ərzində biz Fransa ilə bərabər BMT Təhlükəsizlik Şurasında iştirak etmişik və dünyanın ən mötəbər qurumunda çox uğurlu əməkdaşlıq qurmuşuq. Yəni, beynəlxalq məsələlərlə əlaqədar bizim mövqeyimiz bir çox hallarda üst-üstə düşür. Əlbəttə, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini göstərir. Bu gün təbii ki, bu məsələ ilə bağlı çox geniş fikir mübadiləsi aparılmışdır. Biz ümid edirik ki, bu münaqişə vasitəçilərin köməyi ilə tezliklə öz həllini tapacaq və bölgəyə sülh gələcəkdir.

Bildiyiniz kimi, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni işğalı altındadır və bu işğaldan 20 ildən çox vaxt keçir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqelərini bildirmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu məsələ öz həllini tapmır. İşğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam edilmişdir və onların məruzələrində göstərilir ki, hər şey dağıdılıb. Bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən yerlə yeksan edilibdir. Bu münaqişəyə tezliklə son qoyulmalıdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O ki qaldı xalqların öz müqəddəratının təyinedilmə prinsipinə, bu prinsipə hörmətlə yanaşırıq, ancaq bu hüquq ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz müqəddəratını təyin edib - müstəqil Ermənistan dövləti vardır. Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.

Bu münaqişənin həlli bölgənin hər bir ölkəsi üçün faydalı ola bilər. Ümid edirəm ki, Fransa və digər həmsədrlər bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər və biz işğal edilmiş torpaqlara tezliklə öz vətəndaşlarımızı yerləşdirə biləcəyik. Bizim aramızda iqtisadi sahədə çox uğurlu əməkdaşlıq aparılır. Bu gün keçiriləcək biznes forumda sənədlər imzalanacaqdır. Ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir. İmzalanacaq kontraktların həcmi də təxminən 2-2,5 milyard dollar səviyyəsindədir. Əminəm ki, səfərdən sonra bu istiqamətdə yeni layihələr icra ediləcəkdir. Nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, turizm, inşaat və digər sahələrdə gözəl perspektivlər, imkanlar vardır.

Dünən Fransız Liseyinin açılışı özlüyündə böyük bir hadisə idi. Bu, onu göstərir ki, hər iki ölkə təhsil məsələlərinə böyük diqqət göstərir. İlin sonuna qədər Bakıda Fransız Liseyi yeni, gözəl binada öz fəaliyyətini davam etdirəcəkdir. Əlbəttə ki, bu gün, eyni zamanda, biz enerji təhlükəsizliyi barədə də fikir mübadiləsi apardıq. Biz bu sahədə də Fransa ilə sıx əməkdaşlıq edirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün öz səylərini göstərir. Keçən ilin sonlarında imzalanan sənədlər Azərbaycan qazını Avropa məkanına çatdıracaq və əminəm ki, bu layihənin icrasından sonra Avropa ilə əlaqələrimiz daha da sıx olacaqdır. "Şahdəniz", Trans-Anadolu və Trans-Adriatik layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Nəzərdə tutulan investisiyaların həcmi təxminən 45 milyard dollar səviyyəsindədir. Bu layihənin icrası nəticəsində bütün tərəflər - həm Azərbaycan, həm tranzit ölkələri və həm də Avropa istehlakçıları ancaq fayda görəcəklər. Çünki bu, hər bir tərəfin marağına xidmət göstərən bir layihədir. Azərbaycan Xəzər hövzəsində enerji resurslarının dünya bazarlarına, o cümlədən Avropaya çıxarılmasında öz liderlik funksiyasını davam etdirir." Prezident Fransua Olland bəyanatında vurğulayıb ki, Fransa üçün Azərbaycan mühüm tərəfdaşdır:

"Mən xüsusi bir çərçivədə bu səfəri həyata keçirirəm. Həmin mövzuya Siz elə indicə toxundunuz. İlk öncə Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Biz bu haqda söhbət apardıq ki, Siz də Fransanın, Avropanın bu məsələ ilə bağlı mövqeyinə əmin olasınız, ölkələrin ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz. Beləliklə, uzun müddət çəkən münaqişələrin həllinə nail olmaq üçün dialoqa açıqlığın vacibliyini qeyd edirik. Mənim Qafqaza, bu gün Azərbaycana səfərimin də məqsədi məhz bundan ibarətdir.

Əslində səfərimi dünən başlamışam, bu axşam isə Ermənistanda olacağam. Niyə? Çünki atəşkəsdən artıq 20 ildir keçir. Bu gün atəşkəsin ildönümüdür. Elə münaqişənin özü də 20 ildən artıqdır ki, davam edir. Biz hələ də onun həll variantlarını tapmamışıq. Minsk qrupunda həmsədr olan Fransa məsuliyyət daşıyır. Bu məsuliyyət gərginliyin aradan qaldırılması, etimadın yaradılmasını nəzərdə tutur. Bu gün bu məqsədlə biz Prezident Əliyevlə dialoq apardıq. Bu gün günün ikinci yarısında həmin dialoq Ermənistanda davam etdiriləcəkdir. Fransa münaqişənin mərhələli şəkildə həllinin tapılmasında yardım etməyə hazırdır. Siz burada müəyyən elementləri təsvir etdiniz. Hər iki tərəfdən etimad doğuran tədbirlərin görülməsi vacibdir. Sonra isə uyğun statusun tapılması üçün müvafiq vaxt ayrılmalıdır. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" adlandırılan konsepsiyası üzərində də Azərbaycan ilə Fransa ümumi mövqedən çıxış edir. Bu tərəfdaşlıq heç kimə qarşı deyil, o, daha sürətli inkişafa, mübadilələrə, sərmayələrə və nəhayət, sabitliyə xidmət etməlidir. Fransa üçün Azərbaycan mühüm tərəfdaşdır. Bu, xüsusən də enerji sahəsinə aiddir. Bu baxımdan mən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün görəcəyimiz işləri çox yaxşı anlayıram. Mən məsələ ilə əlaqədar öz iradəmi bildirmişəm və Avropadakı əsas tərəfdaşlarımızla açıq söhbət aparmışam ki, gələn illərdə biz enerji mənbələrimizi şaxələndirməliyik. Bununla da Avropanın enerji təhlükəsizliyi təmin ediləcəkdir. Beləliklə, Azərbaycan ilə həyata keçirdiyimiz bir çox layihələri nəzərdən keçirdik. Çünki Azərbaycan böyük qaz hasilatçısıdır, gələcəkdə isə daha böyük neft və qaz hasilatçısına çevrilə bilər."

Sonra jurnalistlərin sualları cavablandırıldı. Frans Press Agentliyinin müxbiri Ervi Askin: Cənab Prezident, əvvəlcə səfərin ümumi məqsədinə dair sual vermək istərdim.

Cənab Olland, indiki vaxtda etdiyiniz səfər Rusiya ilə olan gərginliyi daha da artırmayacaqmı? Digər sualım cənab Əliyevədir: Ukraynadakı böhran Sizin Avropa İttifaqı ilə yaxınlaşmağınıza mane ola bilərmi? İcazə versəniz, ikinci sualımı da verim. Sualım insan hüquqları ilə bağlıdır. Cənab Olland, azərbaycanlı həmkarınızla bu məsələni, xüsusən də Leyla Yunus və jurnalist Rauf Mirqədirovun məsələsini müzakirə etdinizmi? Cənab Əliyev, Prezidentin bu səfəri hər iki şəxsə münasibətdə mərhəmət jestinə səbəb ola bilərmi?

Prezident Fransua OLLAND: Fransa mətbuatı hər zaman bir sualla bir neçə sual verir. Bu isə mənə bir neçə cavab vermək imkanı yaradır. Beləliklə, "Şərq tərəfdaşlığı" və bu gün həyata keçirdiyim səfərlə bağlı suala gəldikdə, deməliyəm ki, bu cür təşəbbüs və addımlar heç kimə qarşı yönəlməyib. Onun məqsədi Avropa, Fransa ilə bu gün müstəqil olan tərəfdaşlar arasında münasibətlərin möhkəmləndirilməsidir. Bu tərəfdaşlar öz inkişafında maraqlıdırlar. Biz ölkəni hər hansı digər əməkdaşlıqdan qoparmaq istəmirik. Biz elə edirik ki, ölkələr öz gələcəyini azad şəkildə təyin etsin və qonşuları ilə də yaxşı münasibətlər saxlasın. Mən bu sözləri həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana aid etmək istəyirəm. Çünki mən hər üç ölkəyə səfər edirəm. Biz, həmçinin elə etməliyik ki, bəzən çox qıcıqlandırıcı olan problemlər belə öz həllini tapsın. Burada isə bu, Dağlıq Qarabağ problemidir. Bunu isə mütləq qeyd etmək lazımdır. Bu haqda biz elə indicə Prezident Əliyevlə danışdıq, bir azdan sonra prezident Sarkisyanla söhbət aparılacaqdır. Çünki bu münaqişənin çözülməsində Fransanın da məsuliyyəti vardır. Eyni məsələni mən Gürcüstanda da qaldıracağam. Bu, ərazi ilə bağlı olan məsələlərdir və uzun illərdir ki, davam edir.

İnsan hüquqları ilə bağlı verdiyiniz ikinci suala gəldikdə, mən etdiyim səfərlər çərçivəsində Fransanı maraqlandıran məsələləri təbii ki, qaldırıram. Bu, onunla bağlı deyil ki, biz daxili işlərə müdaxilə edirik, onlar sadəcə olaraq, dəyərlər və prinsiplərlə bağlı olan məsələlərdir. Yaxşı münasibətlərə nail olmaq üçün biz gərək bütün məsələləri birgə müzakirə edək.

Prezident İlham ƏLİYEV: Bizim Avropa İttifaqı ilə əlaqələrimizin gözəl tarixi vardır və bu əlaqələr gündən-günə möhkəmlənir. Gündəliyimiz də çox genişdir, bütün məsələləri əhatə edir. Siyasi dialoq, Azərbaycanda aparılan siyasi islahatlar danışıqlar mövzusudur. Əlbəttə ki, Avropa ilə iqtisadi əlaqələr də diqqət mərkəzindədir. Çünki Avropa ölkələri bizim birinci ticarət tərəfdaşlarımızdır.

Əlbəttə ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər Avropa qurumları tərəfindən dəstəklənir. Biz çox səmərəli və gözəl əməkdaşlıq yaratmışıq. Yəni, sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, bizim, ümumiyyətlə, xarici, yaxud da ki, daxili siyasətlə bağlı olan addımlarımıza heç bir kənar tərəf təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi hər şeydən üstün tutur və müstəqillik imkanlarından çox səmərəli şəkildə istifadə edir. Biz iqtisadi və siyasi sahələrdə islahatlar aparırıq. Siyasi islahatlar bizim üçün iqtisadi islahatlar qədər önəmlidir.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət müsbətdir. Bütün fundamental azadlıqlar təmin edilir - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı. Azərbaycanda heç kim siyasi baxışlara görə təqib edilmir. Azərbaycanda internet azaddır, heç bir məhdudiyyət yoxdur. Əhalimizin 70 faizi internetdən istifadə edir. Yəni, bizim üçün siyasi islahatlar çox vacibdir. Çünki biz ölkəmizi müasirləşdiririk. Müasir güclü Azərbaycan qururuq və demokratiyanın böyük ənənələri olan Fransa kimi ölkə ilə bu məsələlərdə biz daim bir yerdəyik, müzakirələr aparılır. Fransa-Azərbaycan əlaqələri çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əminəm ki, gələcəkdə bu belə də olacaqdır.

Azad Azərbaycan televiziyasının müxbiri Ceyhun Səfərov: Mənim sualım Fransa Prezidenti cənab Fransua Ollandadır. Cənab Prezident, belə bir sual səsləndirəcəyəm. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. O vaxtdan 20 ildən artıq vaxt keçir. Siz özünüz də bunu qeyd etdiniz. Bu münaqişə regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Sizcə qəbul olunmuş bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün nə etmək lazımdır? Təşəkkür edirəm.

Prezident Fransua OLLAND: Siz Fransanın xüsusi mövqeyini, məsuliyyətini xatırlatdınız. Bir sözlə, haqlısınız. Fransa Təhlükəsizlik Şurasının daimi üzvdür, Fransa Minsk qrupunun həmsədridir. Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı, birmənalı həlli üçün uzun müddətdir ki, səylər göstərir. Mən atəşkəsin 20-ci ildönümünü qeyd etdim. Xatırladıram ki, bu müharibədə minlərlə insan həlak olub. İnsidentlər bu gün də davam edir. Beləliklə, biz bu məsələ ilə əlaqədar səfərbər olmuşuq. Bir halda ki, mən bu səfəri Azərbaycana və Ermənistana həyata keçirirəm, bu, o deməkdir ki, həll variantının tapılmasında mövcud olan prinsipləri xatırlatmağa çalışıram. Əvvəlcə söhbət etimad tədbirlərindən gedir. Onlar hər iki tərəfdən görülməlidir. Məsələ burasındadır ki, Fransanın həm Azərbaycan, həm də Ermənistan ilə yaxşı münasibətləri, dostluq əlaqələri vardır və biz onları bir-birinə qarşı qoymaq fikrində deyilik. İradəmiz ondan ibarətdir ki, biz faydalı olmalıyıq. Əgər bu, mümkündürsə, mən bu haqda Prezident Əliyevə dedim, bunu, həmçinin prezident Sarkisyana da deyəcəyəm, biz iki prezidentin görüşünü təşkil etmək istərdik və birinci etimad tədbirinin bir yerdə tapılmasına çalışa bilərik. Beləliklə, ilk etimad tədbiri məsələnin həllinə zəmin yarada bilər. Bu münaqişə regionun inkişafı, insanların hərəkət etməsi üçün əsl maneədir. Bu, bizim borcumuzdur. Fikrimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, Fransa hər zaman fəaldır, məsələnin həll yolunun tapılmasına çalışır. Fransa təşəbbüslərlə çıxış edir. Mən burada Qafqazdakı vəziyyəti nəzərdə tuturam. Digər məsələlərə baxaq: götürün Ukraynadakı vəziyyəti. Təşəbbüsümüz ondan ibarətdir ki, bir tərəfdən prinsiplərə gəldikdə çox qətiyyətli olmalıyıq, digər tərəfdən isə dialoq amilini yaratmalıyıq. Dialoqu xüsusilə xatırlatmaq lazımdır. Mən Ukraynanı nəzərdə tuturam. Gələn günlər ərzində bu meyar həlledici olacaqdır. Qeyd etmək istəyirəm ki, xeyirxahlıq naminə məsləhətləşmələr aparılmalıdır. Bu məsləhətləşmələr dünən aparıldı, əsas olmadan, seçicilər siyahısı olmadan nəticələr mümkün deyildir. İndi isə dialoq aparılır, çünki Ukraynada azlıqlara da hörmətlə yanaşmaq lazımdır. Mən bu sözləri, həmçinin Avropanın şərqinə də aid etmək istərdim. Mən, həmçinin bəyan etdim ki, Fransa Afrika üçün də bir sıra təşəbbüsləri irəli sürməyə hazırdır. 220-yə yaxın nigeriyalı gənc qızın oğurlanması ilə bağlı baş verən faciə. Onların aparıldığı yer bilinmir. Onlar quldarlıq məqsədi üçün oğurlanıblar. Bu halda mən Nigeriya Prezidenti Qudlak Conatana bəyan etdim ki, biz öz təşəbbüsümüzlə çıxış edəcəyik və şənbə günü Nigeriyanın qonşu ölkələri ilə birgə görüş keçirəcəyik.

Bir sözlə, hər zaman Fransa fəaldır, buna görə də etdiyim üçgünlük səfər faydalı ola bilər. Bu, sırf yaxşı iqtisadi münasibətlər mövzusu, müqavilələrin imzalanması ilə bağlı deyildir. Baxmayaraq ki, bu da vacibdir. Bu, həmçinin onunla bağlıdır ki, Fransa Təhlükəsizlik Şurasının daimi üzvü kimi, bütün dünya üçün faydalı ola bilər.

Digər xəbərlər