Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərindən və əməkdaşlarından ibarət nümayəndə heyəti xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq həyata keçirdiyi səfərlər çərçivəsində Almaniyada və Danimarkada görüşlərini davam etdirmişdir.
Şuradan AzərTAc-a bildirmişlər ki, Almaniyanın Flensburq şəhərinin meri xanım Svetlana Kratsçmar ilə görüşdə Azərbaycan nümayəndə heyəti yerli özünüidarəetmə orqanlarının işi, qərarların qəbulunda vətəndaş iştirakçılığı, eləcə də vətəndaşları təmsil edən müxtəlif növ təsisatların yaradılması, onlara sosial sifarişlərin verilməsi qaydaları barədə məlumatlandırılmışdır. S.Kratsçmar Flensburqda əksəriyyətini almanların və danimarkalıların təşkil etdiyi 80-dən artıq xalqın nümayəndələrinin yaşadığını qeyd etmişdir.
Şura Katibliyinin icraçı direktoru F.Qurbanov səfərin məqsədi və Azərbaycan, xüsusilə ölkəmizin iqtisadi nailiyyətləri, yerləşdiyi regionda lider dövlət olması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlər, eləcə də Şura və onun xarici QHT-lər üçün qrant proqramı haqqında geniş məlumat vermişdir.
Nümayəndə heyəti Danimarkanın Sondeborq şəhərində "Avropa günü"nə həsr olunmuş toplantıda da iştirak etmişdir. Tədbirdə Avropanın müxtəlif ölkələrinin milli azlıqlarını təmsil edən nümayəndələr və QHT təmsilçiləri iştirak etmişlər. Konfrans iştirakçılarına müxtəlif xalqların birgəyaşayış və münaqişələrin idarə olunması modelləri təqdim edilmişdir.
Şuranın nümayəndə heyətinin "Avropa günü" konfransının təşkilatçısı olan FUEN-in rəhbərliyi ilə görüşündə Azərbaycanda birgəyaşayış modeli, tolerantlıq ənənələri, multikulturalizm, milli azlıqlarla bağlı həyata keçirilən dövlət siyasəti və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən ətraflı bəhs olunmuşdur.
Azərbaycan nümayəndə heyəti, həmçinin Azlıqların Hüquqları üzrə Avropa Mərkəzində olmuşdur. Burada nümayəndə heyətinin səfər müddətində Danimarka və Almaniyanın vətəndaş cəmiyyəti qurumlarında, parlamentində və xarici işlər nazirliklərində keçirdikləri görüşlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində keçirilən bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mövcud inkişaf səviyyəsi, dövlətimizin vətəndaş cəmiyyətinə verdiyi dəstək və multikulturalizm ənənələri haqqında Almaniya və Danimarka ictimaiyyətinə verilən məlumatlar maraqla qarşılanmışdır.
AzərTAc