İstanbulda Avropa Şurası Parlament Assambleyasının Media üzrə alt komitəsinin iclası və media məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. İclasda media azadlığı və etika məsələlərində, həmçinin media şəffaflığı və internetin tənzimlənməsində parlamentlərin rolu, Avropada media azadlığının qorunması, internetdə kiberterrorizm və genişmiqyaslı həmlələrlə mübarizənin gücləndirilməsi və digər mövzularda müzakirələr aparılır. SİA-nın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, AŞPA alt komitəsinin sədri Sahibə Qafarova çıxış edərək ölkəmizdə media siyasəti ilə bağlı ətraflı məlumat verib. Millət vəkili deyib ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV mövcuddur: "Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılıb. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılıb. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir".Ölkəmizdə mətbuatın inkişafı, söz və məlumat azadlığının gücləndirilməsi istiqamətində mühüm qanunvericilik aktlarının qəbul olunduğunu xatırladan S.Qafarova əlavə edib ki, bu tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti Azərbaycan Respublikasında ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq əməkdaşlığı davam etdirməyə hazırdır və bu əzmdədir.
sia.az