İlham Əliyev: "Köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir"
Doxsanıncı illərin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanda mövcud olan ictimai-siyasi durum normal məcraya düşdü və iqtisadiyyatda irəliləyiş meyilləri yarandı.
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı iqtisadi və sosial sahədə əldə edilən nəticələri müzakirə edərkən ölkənin bütün sahələrdə irəli getdiyini, cari ilin də iqtisadi inkişaf baxımından respublika üçün uğurlu olacağına əminliyini bildirmişdir. Qazanılan nailiyyətləri Azərbaycanda həyata keçirilən məqsədyönlü və köklü islahatların nəticəsi hesab edən dövlət başçısı bildirmişdir ki, hökumət sosial məsələlərin həllində də siyasəti düzgün istiqamətdə aparır. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirlərinin 4,5 faiz artdığını, inflyasiyanın isə cəmi 2 faiz təşkil etdiyini vurğulayan dövlət başçısı əhalinin gəlirlərinin inflyasiyanı 2 dəfədən çox üstələdiyini qeyd etmiş, bunun da insanların sosial məsələlərinin həlli üçün əsas şərt olduğunu bildirmişdir: "Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir".
Sözügedən müşavirədə ölkə Prezidenti sosial məsələlərdən söz açarkən ölkə əhalisi üçün vacib olan sağlamlıq məsələlərinə də toxunmuşdur. Son dərəcə vacib sosial bir işə imza ataraq, Bakıda və respublikanın bütün bölgələrində əhalinin sağlamlıq durumunun nəzarətə götürülməsi məsələsini önə çəkmişdir: "Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün, əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər bir yerində imkan vardır. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır".
Prezident İlham Əliyev respublikanın bütün bölgələrində tibbi müayinə ilə bağlı məsələyə də toxunaraq bu məsələnin yüksək səviyyədə həyata keçirildiyini və neçə-neçə ailə, ayrı-ayrı vətəndaşların tam müayinə olunduğunu, ehtiyac olan halda müalicə edilərək öz sağlamlıqlarına qovuşduğunu bildirmişdir: "Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə, onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik". Bu məsələnin həlli həm də dövlət başçısının insan amilinə, ölkə vətəndaşına verdiyi yüksək dəyərin göstəricisidir.
Eyni zamanda, dövlət başçısı orta əməkhaqqının təxminən 7 faiz artdığı, bu gün Azərbaycanda orta əməkhaqqının 430 manat, yəni 550 dollar səviyyəsində olduğunu vurğulayaraq əhalinin həyat səviyyəsinin gündən-günə artdığını və bu uğurların ölkənin inkişaf göstəricisi kimi qiymətləndirmişdir: "Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır". Beləliklə, sosial sahədə aparılan məqsədyönlü tədbirlər, görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin hər bir ölkə vətəndaşına, xüsusilə də, əhalinin aztəminatlı təbəqəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığının sübutu olmaqla yanaşı, onu deməyə əsas verir ki, dövlət başçısı insan amilinə yüksək dəyər verir və hər bir vətəndaşın problemi onun diqqət mərkəzindədir.
R.KAMALQIZI