"Human Rights Watch" təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatında prokuror əhval-ruhiyyəsi var. Sanki Azərbaycan hökumətinin hansı istiqamətdə fəaliyyət göstərməsi hüququ "Human Rights Watch" təşkilatına məxsusdur. Təbii ki, bu cür yanaşma yolverilməzdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.Parlament üzvü hesab edir ki, dövlətlərin müstəqilliyinə hörmətlə yanaşılmalıdır: "Digər tərəfdən bu təşkilat artıq illərdir ki, Azərbaycana qarşı şər və böhtan kampaniyası aparır. Onlar Azərbaycandakı vəziyyəti qara rənglərlə təsvir edirlər.Nədənsə sözügedən təşkilat Xədicə İsmayılovanın şahid kimi dindirilməsinin, adı jurnalist olsa da, cinayət əməlinə görə həbsdə yatan Rauf Mirqədirovun burada olduğunun fərqinə varmır. Bununla belə, həmin təşkilat Azərbaycanda gün ərzində onlarla müxalifət yönümlü qəzetlərin çıxdığını, müxalif fikirli insanların sərbəst şəkildə fəaliyyət göstərdiyini, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunduğunu və Azərbaycanın açıq bir cəmiyyət olduğunu, sahibkarların hüquqlarının qorunduğunu görmək istəmir.Hiss edilir ki, "Human Rights Watch" və digər bu tipli xarici qeyri-hökumət təşkilatları Azərbaycanı Afrikanın geridə qalmış ölkələri səviyyəsində olmasını arzu edərdilər. Birmənalı bilinməlidir ki, Azərbaycan xalqı öz taleyini özü həll edir. Ölkəmiz hüquqi və demokratik prinsiplərlə yaşayan dövlətdir. Beləcə, hər hansı bir təşkilatın Azərbaycan hökumətini öz istəyinə uyğun olaraq dəyişməsi və hərəkət etdirməsi prinsipi heç vaxt işləməyəcək. Hətta "Human Rights Watch" regional təşkilat olan Avropa Şurasına belə göstərişlər verməyə başlayır. Hesab edirəm ki, demokratiya və insan hüquqları ilə bağlı məsələyə bu təşkilat ilk öncə özündən başlamalıdır".
sia.az