RTV kanalının saytında Azərbaycanın işğal olunmuş ərazisindəki Sərsəng su anbarı ilə bağlı yerləşdirilən məqalədə bu ərazinin təhlükə altında olması göstərilir
Ötən əsrin son 10 ilində baş verən ictimai-siyasi proseslər nətcəsində xalqın milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılıb. Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiasının irəli sürülməsi və zəbt edilən ərazilərdə maddi abidələrə qarşı talançılıq siyasətininin yeridilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənləri sayılan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Bu sırada Azərbaycanın tanınmış ədiblərinin, eləcə də musiqiçilərinin ev-muzeyləri, abidə və büstləri də var. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi davam edir. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Sivilizasiyalı bir əsrdə yaşadığımız zamanda təəssüflə də olsa qeyd etməliyik ki, Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilir və işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də böyük ekoloji fəlakət yaşanılır. Təbiətə qarşı olan ermənilərin amansızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyən faktordur.
Tərtərçayı üzərindəki Sərsəng su anbarı da hazırda Tərtər rayonunun erməni işğalında olan ərazisində qalmış və Azərbaycan ərəfindən istismarı qeyri-mümkün olmuşdur. 1976-cı ildə inşa edilən Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksəyidir və 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarmağa xidmət edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suyun verilməməsi respublikanın bu regionuna ciddi zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına illərdir ki, texniki xidmət göstərilmədiyi üçün o, qəza vəziyyətindədir. Mütəxəssislərin qənaətinə görə, Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı tərəfində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.
Dünya mətbuatı da bu erməni terroruna biganə qala bilmir. Son vaxtlar dünya mətuatında, efirində Azərbaycanla bağlı ürəkaçan yazıların və verilişlərin təqdim olunduğu zamanda, Bosniya və Herseqovinanın RTV kanalının saytında Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarı ilə bağlı məqalə də yer almışdır. Məqalədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bosniya və Herseqovinadan olan üzvü Milica Markoviçin qurum tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Sərsəng su anbarı ilə bağlı məruzəçi təyin olunması haqqında məlumat verilir. Yazıda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki mövcud problemlərlə bağlı araşdırmaların aparılmasının zəruriliyi vurğulanır. Sərsəng su anbarı haqqında da məlumat verən müəllif bildirir ki, vaxtilə böyük bir ərazini su ilə təmin edən anbar önəmli içməli su qaynağıdır. Lakin anbarın yerləşdiyi ərazi 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır və burada uzun müddətdir təmir işləri aparılmamışdır. Avropa Şurası tərəfindən müvafiq istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Terrorist ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng su anbarından da öz çirkin əməllərini həyata keçirmək ücün istifadə edirlər. Belə ki, yaz və payız aylarında anbardan suyu açıb çox buraxırlar ki, çay boyu yerləşən kəndləri və əkin sahələrini su bassın, əhaliyə ziyan dəysin. Yazıda oxucuların diqqətinə çatdırılır ki, belə önəmli bir içməli su qaynağının münaqişə səbəbindən təhlükə altında olması təəssüf doğurur. Tərtər rayonunun bir çox kəndləri tam olaraq, bir neçəsi isə qismən suyun altında qalmaq təhlükəsini yaşaya bilər.
Ermənilərin ekoloji terroru Azərbaycanın flora və faunasına zərər yetirir, təbii sərvətlərini məhv edir. Bu, ermənilərin bilərəkdən Azərbaycana vurduqları ziyandır. Artıq neçə illərdir ki, ölkəmiz mənfur qonşularımızın törətdiyi ekoloji terrordan əziyyət çəkir.
Nəzakət