Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarının ictimaiyyətinin nümayəndələri, dövlət rəsmiləri, eləcə də bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək deyib ki, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib: "İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.Daha sonra Laçının tarixi və ermənilər tərəfindən işğalına həsr edilmiş "Əsirlikdə qala qalmaz" sənədli filmin nümayişi ilə başlayıb.Tədbir hazırda davam edir.
sia.az