PDF Oxu

Siyasət

  • 10

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərman respublikamızın tarixən tolerant və çoxkonfessiyalı ölkə olduğunu bir daha sübut edir

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Karvan yollarının üstündə yerləşərək "Böyük İpək yolu"nun mühüm mərkəzlərindən biri olan Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalaraq, müxtəlif siyasi baxışların, iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss edib. Məhz bunun nəticəsində tarixən Azərbaycanda müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq və dözümlülük mühiti yaranıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə öz təsirini göstəribdir. Respublika ərazisində mövcud olan bütün dillərin, dinlərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər imkanlar əsasında birgə yaşaması Azərbaycanın tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət olduğunun göstərir.

Tolerantlıq və multikulturalizm Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir və Heydər Əliyev tərəfindən uğurla inkişaf etdirilibdir. Bu məsələyə Prezident Cənab İlham Əliyevin münasibəti xüsusi diqqət və həssaslığı isə çoxmədəniyyətliliyin təcəssüm etdirilməsində Azərbaycanı tamamilə yeni bir mərhələyə yüksəltmişdir. Müasir Azərbaycan modeli həm dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin edir, həm də digər inanc və mədəniyyətlərə mənsub müxtəlif qruplara hörmətin və təmsilçiliyin təqdim edilməsini özündə birləşdirir. III Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident Cənab İlham Əliyev çıxış edərək demişdir: "Ölkəmizdə hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı kimi tanınmışdır. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur".

Bu gün Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığı hüququna malikdir və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası mövcuddur.

Müasir Azərbaycanda qədim Alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır.

Tolerantlıq ənənələrinin qorunmasına xüsusi önəm verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirir. 2006-2007-ci illər ərzində layihə çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Möhsün Səlim, Gəncədə Həzrəti Zeynəb, Buzovnada Cümə məscidləri, Bakıda pravoslav kilsəsi bərpa edilib. Heydər Əliyev Fondu və Azərbaycanın katolik icması arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Azərbaycanda yaşayan xalqların etnomədəni komponentlərinin inkişafına və digər inkişaf və bərpa sahələrinə yönəlmiş layihələrin reallaşdırılmasına təkan olub. Beləliklə, Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında imzaladığı Fərman Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu fakt respublikamızın tarixən tolerant və çoxkonfessiyalı ölkə olduğunu bir daha sübut edir. Fərmanda deyilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Fərmanda mərkəzin multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial-siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyəti nəzərə alınaraq yaradılmasının qərara alındığı bildirilir. Bu fərman bir daha təsdiqləyir ki, müasir dövrdə ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda multikulturalizmə münasibət barədə söylədiyi fikri vurğulamaq yerinə düşər:"Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər