"Hyatt Regency" mehmanxanasında Azərbaycan travmatoloq və ortopedlərinin I qurultayı keçirilib. Qurultayın açılışında çıxış edən Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsinin müdir müavini Yusif Babayev ölkəmizdə baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələrə, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini bildirib. Qeyd edib ki, dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu beynəlxalq aləmdə nəzərəçarpacaq dərəcədə artıb:"Son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı nəticəsində yeni tikilən və ya əsaslı təmirdən çıxan 500-dən artıq tibb ocağı ən müasir avadanlıqla təchiz edilib.
Görülən işlərin nəticəsi olaraq hazırda ən ucqar bölgələrdə belə mürəkkəb əməliyyatlar aparılır. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 dövlət proqramı uğurla icra olunur. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması problemi ölkə başçısının qayğı və diqqəti nəticəsində öz həllini tapmışdır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur".
Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndiyini bildirən Y.Babayev əlaqələrin genişləndiyini və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın Dünya Səhiyyə Təşkilatının qanunverici strukturlarına seçilməsi artıq xoş ənənəyə çevrilib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2005-ci ildən etibarən ardıcıl olaraq bu təşkilatın ali orqanlarında təmsil olunur. Bununla yanaşı, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İtaliya, Rumıniya, Litva və digər ölkələrlə səhiyyə və tibb elmi sahəsində imzalanmış ikitərəfli müqavilələr əsasında əməkdaşlıq aparılır.
Qurultayda çıxış edən Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş travmatoloqu Vaqif Verdiyev isə Azərbaycanda travmatologiya və ortopediyanın inkişaf mərhələlərindən danışıb. O, bildirib ki, Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya elmi beynəlxalq standartlara uyğunlaşma tendensiyasını yaşayır. Hazırda Azərbaycanda əsasən Türkiyə və digər ölkələrdə rezidentura bitirmiş 100-dən artıq istedadlı mütəxəssis çalışır və innovasion texnologiyaların tətbiqi sahəsində mühüm işlər görür.
Baş travmatoloq qeyd edib ki, indi qarşıda duran mühüm məsələ paytaxtla yanaşı, regionlarda da səhiyyə sisteminin səviyyəsinin yüksək qurulmasıdır. Elə qurultayın keçirilməsində də əsas məqsəd ölkəmizdə bu sahə üzrə vəziyyətin təhlil edilməsi, vətəndaşlara yalnız paytaxtda deyil, bölgələrdə də yüksək səviyyəli ixtisaslaşmış tibbi yardımın göstərilməsinə nail olmaqdır.
Qurultayda Azərbaycanda travmatologiya və ortopediya təhsili, eləcə də rezidentura təhsilinin vəziyyətinə dair iştirakçılara məlumat verilib. Daha sonra qurultay bölmə iclaslarında işini davam etdirib. Bölmə iclaslarında Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan və digər regionlarda çalışan travmatoloq-ortopedlərin bölgələrdəki vəziyyət və çatışmazlıqlarla bağlı məruzələri dinlənilib. Bu sahədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yolları ilə bağlı müzakirələr aparılıb.
NƏZAKƏT