Aydın Mirzəzadə: "Yaxın bir müddətdə Ermənistan əhalisiz bir dövlətə çevriləcək"
Tahir Süleymanov: "Ermənistan bu iyirmi ildə həqiqi müstəqilliyini əldə edə bilməyib"
Sosial-iqtisadi problemlər məngənəsində boğulmaqda davam edən Ermənistanda son dövrlərdə narahatlıq predmetinə çevrilən əsas məqamlardan biri də dünyada yeni maliyyə böhranının başlaya biləcəyinə dair yayılan məlumatlardır. Qlobal maliyyə böhranının ikinci dalğasının başlanması Ermənistan üçün əsil fəlakət sayılır və hesab edilir ki, əgər bu, baş verərsə, onda ölkənin iqtisadiyyatının məhvə yuvarlanmasının qarşısını heç kim ala bilməz. Digər tərəfdən, o da açıq etiraf edilir ki, böhran baş verərsə, bu, Ermənistan əhalisinin aclıq problemi yaşamasını da qaçılmaz edəcək. Çünki böhran şəraitində həm müxtəlif xarici dövlətlərdən, həm də erməni diasporundan göndərilən yardımların miqdarı əhəmiyyətli dərəcədə azalacaq. Hazırda isə həm erməni əhalisi, həm də bu ölkənin iqtisadiyyatı həmin xarici yardımlardan asılıdır.
Con 2 ildə 11 min erməni Avropadan sığınacaq istəyib
Son iki ildə 11 min Ermənistan vətəndaşı Qərbi Avropa dövlətlərindən sığınacaq istəyib. Birləşmiş Millətlər Təşkilatının qaçqınlarla iş üzrə agentliyinin hesabatında, bildirilir ki, iki il ərzində təkcə Fransada sığınacaq alan ermənilərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb. Fransa ilə yanaşı Avstriya, Almaniya, Polşa və Kanadaya sığınacaq üçün üz tutan ermənilərin sayı artıb. Bununla paralel olaraq Ermənistana sığınacaq üçün üz tutanların sayı nəzərə çarpacaq dərəcədə azalıb. Əgər 2007-ci ildə 300 şəxs Ermənistan hökumətinə bu ölkədə sığınacaq üçün müraciət etmişdilərsə, bu rəqəm 2011-ci ildə 55-ə enib.
Məsələyə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, 1991-ci ildə Ermənistanda yaşayan 3,8 milyon əhalidən yalnız 1,89 milyonu yaşayır. Amma qeyri-rəsmi statistikaya görə, ölkədə milyon yarım əhali var. Qeyd edək ki, 10 il əvvəl Ermənistanda əhalinin siyahıya alınmasının nəticələrinə əsasən, bu ölkədə əhalinin sürətlə azaldığını söyləmək olar. Rəsmi məlumata görə, son 10 il ərzində Ermənistan əhalisi 173 min nəfər, yəni 12,6 faiz azalıb. Əhalinin 14,5 faizi isə ölkəni tərk edərək xaricə üz tutub. Bu göstərici rəsmi qurumların açıqladığı rəqəmlərdir. Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları isə ölkəni tərk edən insanların sayının daha da çox olduğunu bildirirlər. Vəziyyət hətta o həddə çatıb ki, Ermənistan müxalifəti bu ölkənin boşalacağını proqnozlaşdıraraq, həyəcan təbili çalır. Cari ilin 3 ayı ərzində isə 45 min insanın ölkəni tərk etməsi iddia olunur.
Aydın Mirzəzadə onu da əlavə etdi ki, bunun səbəbləri barəsində isə, həm Ermənistan sosioloqlarının, həm də xarici müşahidəçilərin fikri üst-üstə düşür. Bəlkə də birinci dəfədir ki, ermənilər xarici müşahidəçilərin fikirlərini olduğu kimi qəbul edirlər. Birinci səbəb, Ermənistan əhalisi mövcud şəraitlə razılaşmaq istəmir. Azərbaycanla müharibə şəraiti, qonşu dövlətlərlə sərhədlərin bağlanması, ağır iqtisadi-sosial vəziyyət, perspektivin görünməməsi əhalinin ölkəni tərk etməsinə gətirib çıxarıb. İkinci səbəb ağır olan iqtisadi vəziyyətdir. Ermənistanda hər hansı bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihələrdən kənarda qalıb. Türkiyə-Ermənistan sərhədlərinin bağlılığı hər hansı bir normal iqtisadi fəaliyyət göstərməyə şərait yaratmır. Həmçinin, müstəqillik dövründə Ermənistan hakimiyyətinin normal bir iqtisadi layihəsinin olmadığı üzə çıxır.
Aydın Mirzəzadə onu da bildirdi ki, Ermənistan əhalisi Azərbaycanla müharibənin yenidən başlayacağından ehtiyat edir. Ermənistan hakimiyyət orqanlarının müharibə əhval-ruhiyyəli bəyanatları, ölkənin millitaristləşdirməsi əhalini öz gənc övladlarını götürərək, ölkədən çıxmasına şərait yaradır: "Eyni zamanda, Azərbaycan da öz torpaqlarını işğaldan azad etmək üçün gec-tez hərbi müdaxiləyə başlayacağını bəyan edir. Bu, işğalçı ölkə əhalisində qorxu yaradır. Əsas səbəblərdən biri ondan ibarətdir ki, Ermənistan ərazisi indiki ermənilərin tarixi torpağı deyil. Əhalini bu torpağa heç nə bağlamır. Doğma olmayan torpaqda heç bir zaman kök salmaq olmaz. Bu baxımdan da Ermənistan əhalisi öz həyatını şəraiti yaxşı olan yerdə qurmağa üstünlük verir. Hesab edirəm ki, bu proses uzun müddət davam edəcək. Yaxın bir müddətdə Ermənistan əhalisiz bir dövlətə çevriləcək".
"Azərbaycan bütün Cənubi Qafqaz regionunun ən vacib dövlətidir"
Milli Məclisin üzvü Tahir Süleymanov qəzetimizə verdiyi açıqlamasında Ermənistanın iyirmi ildə həqiqi müstəqilliyini əldə edə bilmədiyini söyləyib: "Azərbaycan bütün Cənubi Qafqaz regionunun ən vacib dövlətidir. Ölkəmiz həm özü sürətlə inkişaf edir, həm də qonşu dövlətlərin çiçəklənməsinə yardımçı olan vacib regional layihələrin səbəbkarı və fəal iştirakçısına çevrilir. Bununla yanaşı, Azərbaycan vaxtilə bizimlə birlikdə SSRİ-yə daxil olan dövlətlərin perspektiv sektorlarının kreditləşdirilməsində fəal iştirak edir. Azərbaycandan fərqli olaraq, Ermənistan iyirmi il ərzində həqiqi müstəqilliyini əldə edə bilməyib. Bu, ölkəni açıq şəkildə "forpost" adlandıran rus siyasi xadimlərinin açıqlamalarında dəfələrlə nümayiş etdirilib. Ermənistan açıq şəkildə Gürcüstanın ərazisinə iddia edir ki, bu da artıq gürcü-erməni qarşılıqlı münasibətlərinin sürətli şəkildə soyumasına səbəb olub. Bu səhv siyasətin nəticəsində Ermənistan hazırda özünütəcrid şəraitindədir. Bu isə ildən-ilə onun sosial-iqtisadi problemlərini böyüdür".
"Dünyada iqtisadiyyatı Ermənistandandakından daha pis vəziyyətdə olan başqa bir ölkə təsəvvür etmək mümkün deyil"
Millət vəkili Ermənistanın sosial-iqtisadi problemləri ilə bağlı açıqlamasında bildirdi ki, məşhur "Forbes" jurnalında dərc olunan "Dünyanın ən bərbad iqtisadiyyatları" adlı material hər şeyi təsdiqləyir: "Burada dünyanın əksər ölkələrinin son illər ərzindəki makroiqtisadi göstəriciləri analiz edilmiş və həmin proqnoza görə, dünyada iqtisadiyyatı Ermənistandandakından daha pis vəziyyətdə olan başqa bir ölkə təsəvvür etmək mümkün deyil. Ən maraqlısı isə odur ki, Ermənistandakı sosial-iqtisadi böhranın bütün dərinliyini, həm də bu ölkənin Milli Statistika Xidmətinin göstəriciləri də təsdiqləyir. Onların "Ərzaq təminatı və yoxsulluq" məruzəsinə əsasən, son iki ildə adambaşına düşən 12 əsas qida istehlak məhsulundan 11-i azalıb. Başqa sözlə, son iki ildə Ermənistan vətəndaşları daha az və daha pis qidalanmağa başlayıblar. Hazırda dünya maliyyə-iqtisadi böhranının ikinci dalğası gözlənilir. Məhz bunu başa düşdüklərinə görə, insanlar Ermənistandan kütləvi şəkildə köçürlər. Özü də onlar müvəqqəti qazanc yox, Ermənistanın gələcəyinə inanmadıqlarını göstərərək, birdəfəlik yaşayış üçün gedirlər. Bu sosioloji sorğular zamanı bəlli olur ki, əhalinin 11,8 faizinin söylədiyinə görə miqrasiya axınlarının artması da regionun sağalmaz problemidir. Çünki burada gələcək həyat tərzinin hansı axarda davam və inkişaf edəcəyinə inamın azalması sferası əhali arasında daha da böyüməkdədir".
A.SƏMƏDOVA