"Riçard Morninqstarın "Azadliq radiosu"na verdiyi musahibəsində, deyilir ki, demokratiya məsələsində biz bir-birimizi eşitmirik. Əslində mən bu məsələ ilə tam razıyam". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Adil Əliyev ABŞ səfirinin hakimiyyətə qarşı sərgilədiyi qeyri- müəyyən fikirlərinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, əslində, qarşı tərəf Azərbaycanın haqlı iradlarını eşitmir və işğal faktını gözardına vurur: "Biz deyirik ki, Azərbaycanın 20% torpaqları işğal altındadır, bir milyon qaçqın və məcburi köçgünumüz var, ATƏT-in Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsində acizdirlər, Ermənistanın diktəsi ilə oturub-dururlar. Biz bütün bunlasrı deyirik, lakin ABŞ bizi eşitmir, ya da, eşitmək istəmir".Adil Əliyev onu da vurğulayıb ki, bu gün Azərbaycanın keçmiş tarixinə nəzər salarkən bir çox Qərb dövlətləri, o cümlədən ABŞ bilməlidir ki, burada demokratiya olanda, bəzi ölkələrin heç müstəqilliyi belə yox idi. Ancaq indi bizə insan haqlarının müdafiəsindən, demokratiyadan dərs keçmək istəyirlər: "Azərbaycanda demokratiya məsələlərini görmək istəyənlər, bu ölkədə demokratiyanı pozmamalı, dövlətin daxili işlərinə müdaxilə etməməli və siyasi etikaya mənsub olmalıdırlar. Əks təqdirdə, cəmiyyətimizin, ictimaiyyətin kəskin qınağı ilə qarşı-qarşıya qalmış olarlar".
sia.az