"Ümumiyyətlə, bəzi anti-azərbaycançı və hegomon mərkəzlər bir sıra media orqanlarından, milli mətbuat nümunələrindən monipulyativ rıçark kimi istifadə etməyə çalışırlar". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanlı media rəhbərləri və jurnalistlərdən ibarət nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexlə görüşünə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, onlar milli və ya təşkilati maraqlarına uyğun olaraq, ayrı-ayrı ölkələrin mətbuat nümunələrindən öz xeyirlərinə yararlanmağa çalışırlar: "Biz zaman-zaman görürük ki, "Turan" informasiya agentliyi, "Yeni Müsavat" qəzeti, "Ayna-Zerkalo" qəzeti, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, "Bizim yol" qəzeti və Media İnstitutu orqanları ölkəmizin daxilində stabilliyinin, ictimai ahəngdarlığın pozulması, vətəndaş qarşıdurmasının yaradılması meyllərinə stimul verəcək ayrı-ayrı manipulyativ və qeyri-obyektiv informasiyaları yayan mətbu orqanlarıdır. Əgər biz bu nöqteyi-nəzərdən baxsaq məlum olar ki, Azərbaycanın bəzi media nümayəndələri ilə həmin imperialist mərkəzlərin bəzi strukturları arasında bir növ şifahi anlaşma var. Yəni, onlar bununla imperialist maraqlarını təmin etmək üçün Azərbaycanın milli maraqlarını məhdudlaşdırmaq, ölkə daxilində dezinformasiya vasitəsi ilə xaos yaratmaq, insan hüquq və azadlıqları, demokratiya məsələsini istismar edərək, bundan öz şəxsi maraqları üçün yararlanmaq məqsədini güdürlər. Məhz buna görə də adını sadaladığımız həmin mətbuat orqanlarının AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşü bu məsələlərə xidmət edir. Təbii ki, sağlam Azərbaycan mediası, milli mediamız buna qarşıdır.Hesab edirəm ki, bu görüşlər nə Azərbaycan mətbuatı, nə dövlət maraqları, nə də ki həmin görüşdə iştirak edənlərin özləri üçün müsbət nəticələnəcək hal deyil. Bu gün Azərbaycan demokratik ölkədir və beləcə, ölkə mətbuatı da milli maraqlara sahib çıxmalıdır".
sia.az