PDF Oxu

Siyasət

  • 11

Azərbaycan və Vyetnam arasında əlaqələr genişlənir

Azərbaycan və Vyetnam arasında əlaqələr genişlənir

Prezident İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlib. Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Sonra qısa protokol söhbəti olub.

Vyetnam Sosialist Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 19-da Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini ziyarət ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin mayın 19-da Hanoyda Vyetnamın sabiq Prezidenti Ho Şi Minin mavzoleyini də ziyarət ediblər. Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin xatirəsinə dərin ehtiramını bildirdi, mavzoleyin önünə əklil qoydu. Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşılayıblar. Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Truonq Tan Sanqa təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Sonra prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Vyetnam Prezidenti Truonq Tan Sanq bildirib ki, Prezident İlham Əliyevin bu səfəri Vyetnam ilə əlaqələrin inkişafına daha güclü təkan verəcək:

"Hörmətli cənab Prezident. İcazə verin, nümayəndə heyətinin adından Sizi Vyetnam torpağında dövlət səfərinə gəlməyinizlə bağlı bir daha salamlayaq. Siz bizim köhnə və yaxın dostumuzsunuz. Ümidvarıq ki, səfəriniz uğurlu olacaqdır. Siz özünüzə çox yaxın olan bir ölkədəsiniz və ümid edirəm ki, burada özünüzü Vətəninizdəki kimi hiss edəcəksiniz. Sizin səfəriniz Vyetnam ilə əlaqələrin inkişafına daha güclü təkan verəcəkdir." Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcək: "Təşəkkür edirəm cənab Prezident. Nümayəndə heyətimizin üzvləri özlərini Sizin gözəl ölkənizdə çox yaxşı hiss edirlər. Fürsətdən istifadə edərək Sizi də münasib bir vaxtda Azərbaycana səfərə dəvət edirəm. Biz münasibətlərimizi yüksək qiymətləndiririk və əminəm ki, səfər ikitərəfli əməkdaşlığa daha güclü rəvac verəcəkdir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. Səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcəkdir."

Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırlayıb. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirib. Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti Truonq Tan Sanq iştirak ediblər. "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər naziri Pham Binh Minh imzalayıblar. "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Vyetnamın maliyyə naziri Dinh Tien Dung imzalayıblar.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Truonq Tan Sanq bəyanatında qeyd edib ki, Vyetnam Azərbaycanın bu ölkəyə göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir:

"Hörmətli cənab Prezident İlham Əliyev.

Əziz dostlar.

İcazə verin, Vyetnamda dövlət səfərində olan cənab Prezidenti və Azərbaycan nümayəndə heyətinin üzvlərini hərarətlə salamlayım.

Mən çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsinə güclü təkan verən cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm. Cənab Prezident İlham Əliyevlə açıq, etimad və əməkdaşlıq mühitində faydalı və səmərəli danışıqlar apardıq. Biz bir daha bildirdik ki, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələri daim möhkəmlənəcək və inkişaf edəcəkdir. Vyetnam Azərbaycanın bizim xalqımıza göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir."

Ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirməsi üçün geniş imkanların olduğunu bildirən Vyetnam Prezidenti Truonq Tan Sanq bildirib ki, tərəflər bu müsbət meylli fəaliyyəti davam etdirməli, bütün sahələrdə, xüsusən də yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayını artırmalı, əvvəllər imzalanmış sazişləri, həmçinin bir qədər əvvəl əməkdaşlıq barədə imzalanmış vacib sənədləri səmərəli həyata keçirməlidirlər:

"Biz cənab Prezidentlə Vyetnam-Azərbaycan əlaqələrini, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır."

Prezident İlham Əliyev öz bəyanatında qeyd edib ki, onun səfəri iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcək:

"Hörmətli cənab Prezident. İlk növbədə mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Əminəm ki, mənim səfərim iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəkdir. Fürsətdən istifadə edərək Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Bu gün biz Vyetnam-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk. Keçən il Vyetnamda Azərbaycan səfirliyi açılmışdır. Bu, ikitərəfli münasibətlərimizin inkişafında öz müsbət rolunu oynayır. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu gün söhbət əsnasında qərara gəldik ki, bundan sonra da üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik.

Mən cənab Prezidentə regionda baş verən hadisələr haqqında məlumat verdim. Xüsusilə regional təhlükəsizlik üçün ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyimi bildirdim. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat vardır. Ancaq buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcəkdir. Azərbaycandan 50-dən çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcəkdir. Əminəm ki, forum zamanı kontraktlar da müzakirə ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir. Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm."

Vyetnam Prezidenti Truonq Tan Sanq: "Çox sağ olun cənab Prezident. Hörmətli dostlar, sizə bildirmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin məni Azərbaycana rəsmi səfərə dəvət təklifini qəbul etdim. Düşünürəm ki, bu səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, dostluğumuzun genişləndirilməsinə təkan verəcəkdir.

Əziz dostlar, mən Vyetnama dövlət səfərinə gələn Azərbaycan Prezidentini bir daha salamlamaq istəyirəm. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmək istəyirəm ki, cənab İlham Əliyev 1993-2003-cü illərdə Azərbaycan Prezidenti və keçmiş Sovet İttifaqının rəhbərlərindən biri, bizim Vyetnamın yaxın dostu Heydər Əliyevin oğludur. Bu sözləri deməklə bir daha təsdiqləmək istəyirəm ki, cənab İlham Əliyev də Vyetnamın yaxın dostudur."

Digər xəbərlər