Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də Norveç və İslandiya Parlamentinin üzvləri və Avropa Şurası Parlament Assambleyasının təmsilçiləri ilə görüşmüşdür.
Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat vermişdir.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, münaqişə bölgəsində milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırmışdır.
Rəsmi Bakının münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Əli Həsənov bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləmişdir.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
AzərTAc