PDF Oxu

Siyasət

  • 33

Kanadadakı Azərbaycan diasporu 28 May Respublika Gününü qeyd edib

Kanadadakı Azərbaycan diasporu 28 May Respublika Gününü qeyd edib

Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Azəri-Türk Kanada Assosiasiyası 28 May Respublika Günü ilə əlaqədar təntənəli tədbir təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə soydaşımız Səbinə Əzizli çıxış edərək müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan ADR-in tarixi haqqında qısa məlumat verib. ADR-in yaranmasına dair əhəmiyyətli faktlara toxunan Səbinə Əzizli cümhuriyyətin qısa müddət ərzində əldə etdiyi uğurlardan bəhs edib.

Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov tədbirdə iştirak edərək, qonaqlara Azərbaycanın tarixinə dair məlumat verib. Tədbirdə iştirak edən London şəhərinin Parlament nümayəndəsi, Elm və Texnologiyalar naziri Ed Holder Respublika Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın güclü iradəsini, müstəqillik hissini yüksək qiymətləndirib. 28 May Respublika Gününə həsr olunmuş tədbirdə London şəhər Parlamentinin üzvləri İren Mattisen, Susan Trupp, Debora Mattyu, Peggi Sattler, Horald Uşer iştirak edib. Qonaqlara Azərbaycana aid suvenirlər və Dağlıq Qarabağ haqqında kitabçalar təqdim edilib.

Azəri-Türk Kanada Assosiasiyanın prezidenti Kəmalə Şiriyeva hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Azərbaycan Demokratik Respublikasının yaranma gününü kanadalı dostlarla keçirməkdən qürur duyduğunu bildirib. O, Ontarioda digər icmalarla müqayisədə Azərbaycan və türk diasporu üzvlərinin az olmasına baxmayaraq, onların Kanadanın mədəniyyət, təhsil, iqtisadiyyat, xeyriyyə, qeyri-kommersiya və digər sahələrində yaxından iştirak etdiyini deyib.

Sonda musiqi müəllimi olan Kristina Villat bütün qonaqları heyrətləndirərək Üzeyir Hacıbəyovun "Sənsiz" romansını ifa edib. Daha sonra Azərbaycanın milli rəqsləri ilə davam edən tədbiri Yusif Savalan ifa etdiyi "Ey Vətən" mahnısı ilə yekunlaşdırıb.

NƏZAKƏT

Digər xəbərlər