Mübariz Əhmədoğlu: "Ermənistanın daxili vəziyyəti Serj Sarkisyanın istefasını aktuallaşdırıb"
Məlum olduğu kimi, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginlik yaşanmaqdadır. Ötən ilin sonlarında Ermənistandakı vəziyyətin ağır olacağı, inflyasiyanın yüksələcəyi barədə cari il üçün verilən proqnozlar öz təsdiqini tapmaqdadır. Məhz ağır iqtisadi vəziyyət, həyat şəraiti, yoxsulluğun səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi Ermənistanda sosial qiyamın baş verməsini əsaslandırır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, "Ermənistanda sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb və bu tendensiya sosial partlayışa səbəb ola bilər. Onların vəziyyəti, gerçəkdən də ağırdır".
Politoloq qeyd edib ki, son aylar fasiləsiz davam edən etiraz aksiyaları bir qrup etirazçının radikallaşmasına stimul verdi: "Şant Arutunyanın rəhbərliyi ilə bir qrup etirazçı "Molotov kokteyli" ilə silahlanaraq hakimiyyəti ələ almağa cəhd etdi. Şant Arutunyanın bu hadisəni hazırlaması Ermənistanda, demək olar ki, hamıya bəlli idi. Hətta hakimiyyətə yaxın deputatlar da Şant Arutunyana baş çəkmişdilər".
Politoloq əlavə edib ki, Ermənistan Parlamentində 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi də ciddi narazılıq mənbəyidir: "Müxalifət bu büdcəni "konstitusiyaya zidd", "onurğasız", "heç bir şeyə yaramayan" büdcə adlandırdı. Büdcənin mədaxil hissəsinin ümumi ifadələrlə verilməsi onun konstitusiyaya zidd olmasının göstəricisidir. Ermənistan konstitusiyasına görə, dövlət büdcəsinin mədaxil və məxaric hissələri geniş şəkildə yazılmalıdır. Büdcəyə görə, 2014-cü ildə xarici borca xidmətdə də Ermənistan üçün problem yaranacaqdır".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistanda miqrasiyanın rəqəmi hədsiz yüksəkdir. Gürcüstanla sərhəddə yerləşən NBM-dəki erməni gömrükçülərindən birinin verdiyi məlumata görə, Ermənistanı gündəlik 2-3 min adamın tərk etməsi adi hala çevrilib.
Levon Ter-Petrosyan: "Sarkisyandan hər yaramazlığı gözləmək olar"
Ermənistan Milli Konqres Partiyasının sədr sabiq prezident Levon Ter-Petrosyan "Radio Azatutyun"a verdiyi müsahibəsində bir çox məqamlara toxunub: "Serj Sarkisyan Ermənistanın suverenliyi ilə bağlı o qədər asanlıqla, ləyaqətsizliklə, şərəfsizliklə yalan danışır ki, ermənilərin özləri belə yaramazlığa təəccüblənirlər. Təhlükəli olan əsas məsələ odur ki, ölkənin dövlət müstəqilliyi və suverenliyi kimi müstəsna əhəmiyyət daşıyan məqama belə münasibət bəsləyən hakimiyyətdən hər yaramazlığı gözləmək olar".
L.Ter-Petrosyan onu da vurğulayıb ki, suverenlik elə bir ünsür və kateqoriyadır ki, onunla bağlı istənilən, hətta ən müstəbid və tiranik hakimiyyətlər belə, müstəsna dərəcədə ehtiyatla davranırlar: "Sarkisyan ən murdar, odioz, siyasi əxlaqdan çox uzaq olan və xalqına qarşı mənhus cinayətlərini məhz dövlət müstəqilliyinin təminatı, suverenliyin qorunması kimi "məcburiyyət"lərə istinad edərək törədib və indi də törədir. Sarkisyan dövlət suverenliyini məişət problemlərinin təminatı vasitəsilə həyasız yalan predmetinə çevirib. Bu hakimiyyətdən əxlaq, qanun və mənəviyyatın bütün hədlərinin tapdanmasını gözləmək olar. Erməniləri qorxudan da budur. Çünki Ermənistan öz müstəqilliyini Moskvaya peşkəş edib, Rusiyanın Yerevandakı səfiri də bunu etiraf etməkdən əsla çəkinməyib. Eyni zamanda, Moskva güzəştə getmək üçün yox, sahiblik etmək üçün təzyiqlərə əl atır. Ermənistanda hakimiyyət mənsublarının yalanları və absurd bəyanatları adi hala çevrildiyindən Rusiyanın Yerevandakı səfiri də açıqlamalarında diplomatik hədləri keçməməyi məcburiyyət saymır. O, nə etdiyini gözəl bilir. Müstəqilliyi tapdaq altında olan, xarici və daxili siyasəti bütünlüklə Rusiyadan alınan göstərişlər əsasında formalaşan ölkədə səfir özünü metropoliyanın səlahiyyətli təmsilçisi sayır, çalışdığı ölkənin sakinlərinə yalnız istismara layiq aborigenlər kimi baxır və olduğu məkanın sərvətlərini talan edərək daşınmasına şərait yaratmağa can atır".
"İstənilən gediş Sarkisyan hakimiyyətini, eləcə də ölkəni qaçılmaz məğlubiyyətə aparır"
Ermənistanın sabiq prezidenti hesab edir ki, ölkənin etibarlı tərəfdaş imicinin bərpa edilməsi və "ümumdünya xalqlar ailəsində layiqli yer tutması" üçün əsaslı sistem islahatlarına ehtiyac vardır. Lakin hakimiyyəti şəxsi maraqlar naminə hərəkət etməkdə ittiham edən Levon Ter-Petrosyan bildirir ki, belə islahatları gözləmək nadanlıqdır. Onun fikrincə, Serj Sarkisyan çox istəsə belə, heç bir müsbət addım atmağa qadir deyil: "Şahmat dili ilə desək, o, suqsvanq vəziyyətinə düçar olub. Odur ki, istənilən gediş Serj Sarkisyan hakimiyyətini, eləcə də ölkəni qaçılmaz məğlubiyyətə aparır".
Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov isə sabiq prezident Levon Ter-Petrosyanı "müvəffəqiyyətsizliyə uğramış siyasi təqaüdçü" adlandıraraq, birinci prezidentin xarici siyasət məsələlərində məsləhətlər verməyə haqqı olmadığını vurğulayıb: "Unudulmuş siyasi xadimlərin özlərini xatırlatmaq ehtiyacları var".
Bəlalarını görməyən kor Ermənistan hakimiyyəti
Erməni ekspertlərinin sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyəti ilə könüllü vidalaşan deyil. Çünki Sarkisyan hakimiyyəti Ermənistanın onsuz da zəif, şikəst və çürük dövlət idarəetmə mexanizmini içdən yeyən virusdur: "İqtidardakı Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan geri çəkilmək üçün yol qoymayıb. Onun həyatda başlıca dəyəri tutduğu vəzifə olan kamikadzedir. Buna görə də ermənilərin "Serjik" dedikləri adam ya devrilməli, ya da hakimiyyətdə qalaraq Ermənistanı bir dövlət kimi məhv etməlidir. Üçüncü variant yoxdur. Ermənistanda qiyam, üsyan və çevriliş baş verərsə, bunun başlıca günahkarı Serj Sarkisyan olacaq. Yerevandakı xalq etirazları isə həddən ziyadə qəddar olacaqdır - axı xalqın onunla humanistcəsinə davranması üçün Sarkisyan və onun bandası heç bir səbəb qoymayıb".
Erməni ekspertlərinin sözlərinə görə, Sarkisyan hakimiyyəti ölkənin üzləşdiyi faciəni etiraf etmək istəmir. Çünki Yerevan iqtidarı üçün yaşananlar müqayisəli təhlil üçün adi material, "səs-küy qaldırmağa dəyməyən məsələ"dir. Halbuki ən adi, primitiv riyazi hesablamalar da göstərir ki, əgər ötən il Ermənistanı 1,98 milyona yaxın nəfərlik əhalinin 80 min nəfəri tərk etmişdisə, bu il də ondan daha çox adamın gedəcəyi şübhə doğurmur. Dövlət və cəmiyyət üçün strateji problemə dönən mühacirət probleminə belə münasibət əslində Sarkisyan iqtidarını səciyyələndirən ünsürlərdən biri olduğundan, Ermənistanda qalan ermənilər təəccüblənmirlər.
"Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!"
Ermənistanın çətin durumda olmasını ötən ilin avqustunun 6-da Azərbaycan Dövlət Teleqraf Agentliyinin altı ildir ki, ölkəsində məktəbə gedə bilməyən erməni oğlan David Davityandan aldığı növbəti məktubunu qeyd etmək kifayətdir. Belə ki, təhsil almaq istəyən gənc Ermənistanda ona qarşı yaradılan maneələri dəf edə bilmədiyindən, yenə də nicat yolunu kənarda axtarmağa məcbur olub. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan David yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmadığını yazıb. Məktubda David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən - təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. "Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!" deyərək hayqıran David Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutub: "Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Mən məktəbə getmək, oxumaq istəyirəm. Görəsən mən bu il də erməni prezidentinin ucbatından təhsildən məhrum olacağam?! Mənim uşaq hüquqlarım bu ölkədə çox kobud şəkildə pozulur. Bu cür daha davam edə bilməz. Məni xilas edin! Xahiş edirəm, Ermənistan prezidentilə danışıqlar aparasınız ki, o, bizi buradan buraxsın. Anam işləmir, daha bu cür yaşamaq olmaz, mən yemək, məktəbə getmək istəyirəm. Sizə yalvarıram, məni xilas edin! XİLAS EDİN!!!"
Beləliklə, Ermənistanın hansı durumda olmasının izahına heç bir ehtiyac yoxdur.
A.SƏMƏDOVA