Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama ilk səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı və genişlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Çünki həm Azərbaycanı, həm də Vyetnamı maraqlandıran məsələlər baxımından bu iki ölkənin hədəfləri bir-birini tamamlayır. Əlbəttə ki, Azərbaycan və Vyetnam bir-birilə geostrateji planlar baxımından böyük iddialarla çıxış etməsələr də, qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq baxımından ciddi və möhkəm platforma qura bilərlər. Yəni, Azərbaycanın hakim elitasının Vyetnamda tanınması qarşılıqlı səfərlərin tarixinin dərinliyi ilə əlamətdardır. Çünki vaxtilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Sovet İttifaqı nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olmuşdur. 1959-cu ildə isə Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min Azərbaycanda səfərdə olub - həmçinin, Azərbaycanın Cənub-Şərqi Asiyada ilk səfirliyinin məhz Vyetnamda açılması geniş əməkdaşlıq üçün mənəvi əsaslar da yaradır.
Qeyd edək ki, hazırda Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 400 milyon dollara çatıb. Bu gün, həmçinin Azərbaycan nefti Vyetnama ixrac edilir və bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görülür. Lakin səmərəli əməkdaşlıq üçün geniş imkanlar var. Bu sırada isə turizm, kənd təsərrüfatı, xidmət sektoru və s. durur. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, bu gün Vyetnamın xarici ticarət tərəfdaşları arasında ABŞ, Çin, Yaponiya, Rusiya, Almaniya, Koreya, Sinqapur və digər inkişaf etmiş ölkələr var. Xüsusilə də, vurğulamaq lazımdır ki, Vyetnam Azərbaycan neftinin Uzaq Şərq ölkələrinə ixracında əhəmiyyətli tranzit rolunu oynaya bilər.
Bundan başqa, Azərbaycan Vyetnama sərmayə yatırmaq fikrindədir. Yəni Azərbaycanda güclü maliyyə bazasına malik sahibkarlar, Vyetnamda isə sərmayələrin yatırıla biləcək sahələr var. Bu səbəbdən də, Azərbaycanla Vyetnam arasında qarşılıqlı maraq doğuran faydalı əməkdaşlıq mövcuddur. Elə Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında Saziş"in və "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nın imzalanması nəzərdə tutulan səmərəli əməkdaşlıq üçün zəmin formalaşdırılıb.
Vyetnamın Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını, eyni zamanda prezidentlərin mətbuat konfransında Vyetnam Prezidenti Truonq Tan Sanqın söylədiyi fikirlərdən də müşahidə edirik: "Biz Cənab Prezidentlə Vyetnam-Azərbaycan əlaqələrini, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır".
Prezident İlham Əliyev isə bildirib ki, neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaqdır. Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir".
"Səs" Analitik Qrupu