Zirvə Toplantısında qəbul olunan Bəyannamədə Azərbaycan üçün önəmli müddəaların yer alması bunun daha bir məntiqi nəticəsidir
Bu gün Azərbaycan təkcə iqtisadi sahədə deyil, diplomatik və digər sahələrdə də böyük uğurlara imza atmaqdadır. Öz daxili siyasətini düzgün quran, iqtisadiyyatını gücləndirən insanlarına sosial vəzifəsini dövlətin bir nömrəli vəzifəsinə çevirən dövlətlər, sözsüz ki, beynəlxalq aləmdə də nüfuz qazanır. Məhz bu faktorlar Azərbaycanın uğurlu iqtisadi və xarici siyasətinin əsas mahiyyətini təşkil edir. Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdəndir. Azərbaycanın bu gün regionda və dünyada günü-gündən nüfuzunun artması və öz nüfuzu ilə BMT Təhlükəsizik Şurasının daimi üzvü seçilməsi və ona sədrlik etməsi, həmçinin 2015-ci ildə ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi və digər məqamlar Azərbaycanın diplomatik, siyasi, mədəniyyət idman sahəsində uğurlarını əks etdirir. Bütün bunlar ölkə Prezidentinin apardığı düzgün xarici və daxili siyasətin məntiqi nəticəsidir ki, Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Azərbaycan həqiqətlərini əks etdirən Bəyannamə qəbul edilib.
Bəyannamədə Qarabağla bağlı maddə yer alıb
Şanxay Bəyannaməsidə Azərbaycan üçün önəm kəsb edən bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə əks olunub. Sənədi imzalayanlar Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasından, onun beynəlxalq və regional təhlükəsizliyə təhdid olaraq qalmasından narahatlıqlarını ifadə ediblər. Bəyannamənin 1.3-cü bəndində deyilir: "Biz təsdiq edirik ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək. BMT Nizamnaməsinə əsasən BMT Təhlükəsizlik Şurasının əsas öhdəliyinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olduğunu nəzərə alaraq vurğulayırıq ki, sülhün və sabitliyin qorunması üçün heç bir dövlətin, dövlətlər qrupunun və ya təşkilatın müstəsna məsuliyyəti ola bilməz".
Sənədin 1.4-cü bəndində bildirilir: "BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən biz bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiyimizi, BMT-nin Nizamnaməsində əks olunmuş prinsip və məqsədlərlə ziddiyyət təşkil edən, beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəyimizi; münaqişələri sülh yolu ilə həll etməyi; dövlətlərin daxili işlərinə müdaxilə etməməyi; legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməməyi; BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən insanların bərabər hüquqlarına və öz müqəddəratını təyin etməsinə hörmət etməyi; irqi, cinsi, dil və dini zəmində hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyi; iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində beynəlxalq səviyyədə əməkdaşlıq etməyi təsdiq edirik. Biz, həmçinin beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik".
Bəyannamənin 2.4-cü bəndində deyilir: "Biz separatizmin və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhlükə olduğunu vurğulayırıq. Biz digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkatları və qurumları dəstəkləməyəcəyik. Biz, həmçinin qətiyyətlə bildiririk ki, ərazilərimiz hər hansı separatçı hərəkatlar və qurumlar tərəfindən istifadə olunmayacaqdır. Biz separatçılarla istənilən növ münasibət və ünsiyyət yaratmayacağıq".
Bəyannamənin 3.5-ci bəndində isə deyilir: "Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk Qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq".
Beləliklə, Zirvə Toplantısında Azərbaycanla bağlı Bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdəndir.
R.KAMALQIZI