Mayın 21-də Küveytin mərkəzi "Əl-Baraka Grand Ballroom" konfrans və ziyafətlər zalında "İlham Əliyev-Bioqrafiya davam edir" kitabının təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycanın Küveytdəki səfirliyindən SİA-ya verilən xəbərə görə, kitabın müəllifləri millət vəkili, publisist-yazıçı Hüseynbala Mirələmov və yazıçı Viktor Adriyanovdur. Kitab yüksək poliqrafiya keyfiyyəti ilə Küveyt Dövlətində ərəb dilində "Suad Əl-Sabah Nəşriyyat Evi"ndə nəşr olunub.Təqdimat mərasimində Küveytin dövlət və hökumət nümayəndələri, o cümlədən, Küveyt Dövlətinin Məskunlaşma üzrə Dövlət Naziri Yasr Həsən Əbil, Qadın Məsələləri üzrə Komitəsinin Sədri xanım Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah, paytaxt Əl-Küveyt şəhərinin Valisi Səbit Məhəmməd Əl-Mihənnə, paytaxt Əl-Küveyt şəhərinin keçmiş Valisi Şeyx Əli Əl-Cabir Əl-Sabah, Əl-Farvaniyə əyalətinin valisi Faisal Əl-Humud Əl-Malik Əl-Sabah, Küveyt Mülki Aviasiya Baş İdarəsinin Prezidenti Favvaz Əl-Farah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və aparıcı kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Tural Rzayev açaraq, səfirliyin təşəbbüsü və dəstəyi ilə çap olunan kitabın yekun ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib. Daha sonra söz kitabın müəllifi, millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmova verilib.H.Mirələmov, kitabın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövlətinin sürətli inkişafından, hazırda ölkədə aparılan misilsiz quruculuq-abadlıq işlərindən, demokratik siyasi islahatlardan, əhalinin sosial təminatının və rifah halının yüksəlməsindən, dünyada siyasi nüfuzunun gücləndirilməsindən və bununla da Azərbaycana marağın günbəgün artmasına nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinin bəzi məqamları barədə oxuyuculara məlumat verdiyini qeyd edib. O, eyni zamanda kitabda Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, füsunkar təbiəti barədə məlumatların yer aldığını iştirakçıların diqqətinə çatdırıb və bu kitabın ərəb dilinə tərcümə olunmasını və Küveytdə çap edilməsini yüksək qiymətləndirərək, həmin əsərin daha əvvəl türk, rus, gürcü və ukrayn dillərinə də tərcümə edildiyini bildirib.H.Mirələmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında kitabın ərəb dilində Küveytdə çapının bir mühüm amilini də mərasim iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, bu kitab Küveytdə bir xarici dövlət başçısı haqqında çap olunan ilk əsərdir.Təqdimat mərasimi Azərbaycan musiqiçiləri-skripkaçı Səlim Abbasov və pianoçu Qorxmaz Qurbanovun ifası ilə konsert proqramı və ziyafət ilə davam edib.
sia.az