Mayın 22-də Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin nüfuzlu "News7" televiziya kanalına 28 May - Respublika Günü münasibəti ilə müsahibə vermişdir.
Azərbaycan Respublikasının milli bayramı 28 May – Respublika Gününün tarixi barədə suala cavabında E.Kərimov 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən bəhs etmiş, bu müstəqilliyin cəmi iki il sürdüyünü, lakin bu illər ərzində parlamentin yarandığını, dövlət rəmzlərinin təsdiq edildiyini, xarici ölkələrlə diplomatik əlaqələrin qurulduğunu, həmçinin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin təsis edildiyini bildirmişdir.
Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran səfir ilk dövrlərdə ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü, iqtisadiyyatın dağıldığını, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır. Bu çətin vəziyyətdə xalqın təkidli tələbi ilə ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni fəlakətlərdən xilas etmişdir.
Diplomat ümummilli lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirmiş, son 10 ildə əldə olunmuş nailiyyətləri statistik rəqəmlərlə əsaslandırmışdır. E.Kərimov bildirmişdir ki, Azərbaycan ilk "Azərspace-1" telekommunikasiya peykini uğurla orbitə çıxarmışdır. Azərbaycanın son illər ərzində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirən səfir, Krans Montana, Mədəniyyətlərarası Dialoq , Beynəlxalq Humanitar, Davos İqtisadi forumlarının, qızlar arasında futbol üzrə dünya, eləcə də gimnastika üzrə dünya çempionatlarının keçirildiyini qeyd etmiş, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə baş tutacağını vurğulamışdır.
Azərbaycan ilə Bolqarıstan arasındakı mövcud əlaqələrin müasir vəziyyəti və perspektivləri barədə sualları cavablandıran diplomat demişdir ki, ölkələrimizin əməkdaşlığının əsas prioritetlərindən biri energetika sahəsidir. Səfir Azərbaycanın təbii qazının Bolqarıstana TAP boru kəməri ilə nəql olunacağını, ölkəmizin energetika sahəsi ilə yanaşı, yüngül sənaye, kənd təsərrüfatı, turizm, inşaat və tibb sahələri üzrə qarşılıqlı əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir. E.Kərimov biznes sahəsinə də toxunaraq, hər iki ölkədə müxtəlif sahələr üzrə investisiya qoyulması üçün əlverişli imkanların və böyük potensialın olduğunu qeyd etmiş, bu istiqamətdə müvafiq işlərin aparılmasından danışmışdır.
Elm və təhsil sahələrində mövcud əlaqələr barədə də məlumat verən səfir demişdir ki, hər iki ölkənin elmlər akademiyaları və universitetləri arasında sıx əməkdaşlıq mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili və mədəniyyəti mərkəzi, Sofiya Dövlət Universitetində isə Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Ölkələrimizin mədəniyyətində, musiqisində, adət-ənənələrində, mətbəxində oxşar cəhətlərin olduğunu vurğulayan E.Kərimov, bu istiqamətdə qarşılıqlı mədəniyyət günlərinin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
AzərTAc