Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunması haqqında Sərəncamı ümumilikdə 171 nəfərə şamil olunur
Əfv etmək insanları sülhə, birliyə, əmin-amanlığa çağırır. Bu yüksək insanpərvərliyin və humanizmin bir nümunəsidir. Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə nail olmuşdur.
Ölkəmizdə əfvetmə institutu bərpa ediləndən sonra Ümummilli Lider Heydər Əliyevin imzaladığı əfv fərmanları, Onun təşəbbüsləri ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktları penitensiar sistemdə aparılan islahatların əsas özəyinə çevrildi. Ümumilikdə Heydər Əliyev 1995-2003-cü illərdə 32 əfv Fərmanı imzaladı. Bütün bunlar cəmiyyətdə dövlətə, onun qurucusuna böyük inam yaradırdı. Digər tərəfdən isə əfvetmənin tərbiyəvi əhəmiyyətini artırırdı.
Bu gün həmin dəyərlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var qüvvəsi ilə çalışan Cənab İlham Əliyevin humanizm prinsiplərini də inkişaf etdirməsi hamı tərəfindən yüksək qiymətləndirilir. Çünki dövlətimizin ədalət və humanizm prinsiplərinə sadiqliyi həm bəşəri, həm də milli dəyərlərimizə söykənən xoş əməllərdəndir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etməklə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, Vətənə nümunəvi xidmət göstərməsinə imkan yaradır. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitiklər bu faktları yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu etiraf edirlər.
Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı elə ilk aylarda - 29 dekabr 2003-cü ildə 165 nəfərin barəsində əfv Fərmanı imzaladı. Növbəti ildə dörd dəfə belə humanist qərar qəbul olundu. Mart ayının 17-də, may ayının 5-də, sentyabr ayının 3-də və dekabr ayının 29-da yüzlərlə məhbus cəzalarının çəkilməmiş hissəsindən azad edildilər. Bu fərmanlarla ömürlük həbs cəzasına məhkum edilmiş bir neçə məhbus da azadlığa buraxıldı. Bütün bunlar isə cəmiyyətdə böyük razılıqla qarşılandı.
Daha sonrakı illərdə bu əfv fərmanlarının sayı artdı. İmzalanmış əfv Fərmanı ilə azadlıqdan məhrum edilmiş yüzlərlə insan bu humanizmdən bəhrələnmişdir. Bu humanist addımın davamı olaraq ötən gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 157 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediləcək. Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər Sərəncam əsasında azad ediləcəklər. Ümumilikdə bu Sərəncam 171 nəfərə şamil olunur. Demək, 171 ailə bu sevinci yaşayacaq. Bu əfv Sərəncamı da başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir. Buradan da, əfvin əxlaqi, mənəvi-psixoloji əhəmiyyəti önə çıxır. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen duruma, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinə təsir göstərən faktor kimi çıxış edir. Digər tərəfdən, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil hesab olunur. Dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-hakimiyyət münasibətləri formalaşır.
Nəzakət ƏLƏDDİNQIZI