PDF Oxu

Siyasət

  • 22

Sədaqət Vəliyeva: "Əfv Sərəncamı Ulu Öndərin humanizm siyasətinin davamıdır"

Sədaqət Vəliyeva: "Əfv Sərəncamı Ulu Öndərin humanizm siyasətinin davamıdır"

"Səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir"

"Prezident İlham Əliyevin sonuncu əfv Sərəncamı, əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinin davamı kimi səciyyələndirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva əfv sərəncamına münasibət bildirərkən deyib.S.Vəliyeva vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv Sərəncamı imzalanıb: "Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Ulu Öndər tərəfindən imzalanan əfv sərəncamları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ümummilli Lider həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Həmçinin Onun siyasi varisi Prezident İlham Əliyevin idarəçiliyi dövründə də Azərbaycan xalqı eyni siyasətin yürüdüldüyünün şahididir. Ümumiyyətlə, mütəmadi qaydada cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Çünki humanist addımlar mahiyyət etibarilə bəzən qəbul olunmuş ədalət prinsipləri çərçivəsindən kənara çıxaraq, insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi, "yamanlığa yaxşılıqla" cavab verilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu o deməkdir ki, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır".Sədaqət Vəliyeva xüsusilə qeyd edib ki, əfv olunan insanların sonradan törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur: "Digər tərəfdən, bu cür amnistiya aktları başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir. Buradan da, əfvin əxlaqi, mənəvi-psixoloji əhəmiyyəti önə çıxır".

sia.az

Digər xəbərlər