Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Mexikoda rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, qəbulda Meksika Senatının və Deputatlar Palatasının rəhbər heyəti, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının təmsilçiləri, ölkə ictimaiyyətinin və Mexikoda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, burada yaşayan yəhudi icmasının üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, həmvətənlərimiz iştirak etmişlər.
Tədbiri açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Şərqdə ilk demokratik respublika olaraq dünya dövlətçilik tarixinə töhfələrindən danışmışdır. Diplomat, həmçinin ölkəmizdə müasir dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir.
Qəbulda Azərbaycan ilə bağlı videotəqdimat nümayiş olunmuşdur.
Sonra Meksika ştat simfonik orkestrinin azərbaycanlı üzvləri xalqımızın və Avropanın görkəmli bəstəkarlarının, o cümlədən Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun əsərlərini səsləndirmişlər.
Qəbulda Azərbaycan ilə bağlı fotoşəkillər sərgilənmiş, ölkəmizin milli mətbəxinin ləziz nümunələri təqdim olunmuşdur.
AzərTAc