Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdən əvvəlcə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq əziz və parlaq xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra Vətənimizin ərazi bütövlüyü və müstəqilliyimizin əldə olunması uğrunda həlak olmuş bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin və fəal gənclərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma şəraitindən danışmışdır. Natiq, həmçinin AXC-nin 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açmış, cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün çox qısamüddətli olduğu qeyd edilərək, bu iki il ərzində böyük işlərin görüldüyü, müstəqil dövlət quruculuğunda nailiyyətlər qazanıldığı, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığı vurğulanmışdır.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirmişdir ki, bugünkü müstəqil Azərbaycan AXC-nin varisidir. Müstəqilliyimizin bərpası heç də asan başa gəlməmiş, onun əldə olunması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladı canlarından keçərək şəhidlik zirvəsinə ucalmışdır.
Eyni zamanda, Azərbaycanın 1991-ci ildə bərpa edilən müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə yaratdığı, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə dövlətimizin mövqeyi daha da möhkəmləndirilmiş, Azərbaycan regional müstəvidə təsir imkanlarını artırmış, ölkə iqtisadiyyatı bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Tədbirdə dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin dönməz, sarsılmaz və əbədi olduğuna əminlik ifadə edilmişdir.
AzərTAc