PDF Oxu

Siyasət

  • 18

28 May - Respublika Günü münasibətilə “Koreya Herald” qəzetinin bir səhifəsi Azərbaycana həsr olunmuşdur

28 May - Respublika Günü münasibətilə “Koreya Herald” qəzetinin bir səhifəsi Azərbaycana həsr olunmuşdur

Koreya Respublikasının nüfuzlu "Koreya Herald" qəzetinin 27 may tarixli sayının bir səhifəsi Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə bütünlüklə ölkəmizə həsr olunmuşdur.

Səhifədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsinə, "Azərbaycan - qədim Odlar yurdu" və "Azərbaycan Respublika Gününü qeyd edir" adlı məqalələrə, Bakının tarixi yerlərinə və müasir görünüşünə aid fotoşəkillərə yer verilmişdir.

Nazir E.Məmmədyarovun müsahibəsi Azərbaycanın geostrateji mövqeyi və Şərq ilə Qərb arasında körpü rolunu oynaması, son 10 ildə ölkədə iqtisadi sahədə əldə olunmuş nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son 5 ildə Azərbaycan-Koreya münasibətlərinin inkişaf tempi kimi məsələləri əhatə etmişdir.

Azərbaycanın mühüm geostrateji mövqedə yerləşməsi, ölkənin mədəni, dini və etnik tolerantlığı ilə fərqləndiyini nəzərə çatdıran E.Məmmədyarov, Azərbaycanın cəmiyyətlər arasında körpü rolu oynamağa münasib ölkə olduğunu bildirmiş, son illər UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar ilə birgə Bakıda mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq konfranslar keçirildiyini qeyd etmişdir.

Nazir, həmçinin ölkədə son 10 il ərzində iqtisadi sahədə həyata keçirilmiş islahatlar, Azərbaycanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri barədə məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir Azərbaycanın sülhün bərqərar olması istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik göstərməsi səbəbindən münaqişənin uzun müddətdir ki, həllinə nail olunmadığını bildirmişdir.

Xarici işlər naziri Azərbaycanın Koreya ilə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişləndiyini, son illər ərzində hər iki ölkənin parlamentləri və müdafiə sahəsinə cavabdeh qurumları arasında əməkdaşlığın daha da intensivləşdiyini diqqətə çatdırmışdır.

"Azərbaycan - qədim Odlar yurdu" adlı məqalədə Azərbaycanın qədim tarixi, mədəniyyəti və təbiəti barədə məlumatlara yer verilmiş, ölkənin təbii zənginliyi ilə seçildiyi qeyd olunmuşdur.

"Azərbaycan Respublika Gününü qeyd edir" başlıqlı məqalədə isə 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət qurmuş Azərbaycanın həmin dövrlərdə əldə etdiyi nailiyyətlər, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar, habelə onun varisi olan müasir Azərbaycanın son illər ərzində beynəlxalq miqyasda artan nüfuzu barədə məlumat verilmişdir.

Müsahibənin və məqalələrin mətni ilə aşağıdakı linklərdən tanış olmaq olar: http://www.koreaherald.com/view.php?ud=20140526001575 ,http://www.koreaherald.com/view.php?ud=20140526001572 , http://www.koreaherald.com/view.php?ud=20140526001573 .

AzərTAc

Digər xəbərlər