28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) səfirliyində rəsmi qəbul təşkil olunmuşdur.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, qəbulda İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası müştərək komissiyasının həmsədri Mahmud Vaezi, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər, Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə Baş İdarəsinin rəisi Murtuza Muradyan, İİR XİN-in Mülk, bina və təminat baş idarəsinin rəisi Əminyan, Zəncan vilayətinin valisi Cəmşid Ənsari, XİN-in MDB ölkələri üzrə 3-cü idarəsinin rəis müavini Bağban Kondori, həmin idarənin Azərbaycan üzrə eksperti Məhəmmədhüseyn Əkbəri, Zəncan Ticarət Palatasının sədri İbrahim Cəlili, Rabitə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Hüseyn Malek, İran parlamentinin üzvləri, İranda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Tehran ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və s. məqamlardan bəhs edən film nümayiş etdirilmişdir.
Azərbaycan və İranın dövlət himnlərinin səslənməsindən sonra çıxış edən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov 28 May – Respublika Günü haqqında ətraflı məlumat verərək bildirmişdir ki, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olmuşdur. Çox qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq AXC dövlət təsisatları yaratmış, ölkədə demokratik mühiti, hüquq və azadlıqları bərqərar etmişdir.
Səfir demişdir ki, XX əsrin sonunda Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da AXC dövründə olduğu kimi, qonşu dövlətlərlə səmimi dostluq münasibətləri qurmağa üstünlük vermiş, dini, mədəni, tarixi, coğrafi yaxınlığı və bağlılıqları olan İran ilə səmərəli əlaqələrə xüsusi önəm vermişdir.
Daha sonra İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası müştərək komissiyasının həmsədri Mahmud Vaezi çıxış edərək dost və qardaş Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik etmiş, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin intensivləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində İrana rəsmi səfəri iki dövlət arasındakı münasibətlərdə yeni bir səhifə açmışdır. O, xoş münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Gənc azərbaycanlı xanəndələrin ifasında muğam və xalq mahnıları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
AzərTAc