Nüfuzlu "Pakistan Observer" qəzetində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "Müsəlman dünyasında ilk Demokratik Respublika" adlı məqaləsi dərc edilmişdir.
Məqalədə 1917-ci ildə baş vermiş inqilabın nəticəsində Rusiya imperiyasının süquta uğraması, ölkənin hər yerində xaosun hökm sürdüyü haqda məlumat verilir, bundan sui-istifadə edən Bakı Kommunasının erməni millətçiləri tərəfindən 1918-ci ilin fevral-mart aylarında Azərbaycanın müxtəlif şəhərlərində kütləvi qırğınların törədildiyi və minlərlə günahsız insanın qətlə yetirildiyi bildirilir. Yazıda deyilir ki, bu zorakılığın qabağının alınması və soydaşlarımızın xilas edilməsinin yeganə yolu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması olmuşdur.
Materialda qeyd olunur ki, 1918-ci il mayın 28-də Müsəlman Milli Şurası tərəfindən Tiflis şəhərində Müstəqillik Aktı qəbul edilmiş və bununla da AXC yaradılmışdır. Yazıda iyunun 16-da Milli Şura və AXC hökumətinin Gəncə şəhərinə köçdüyü və yeni qurulmuş hökumətin əsas vəzifəsinin Bakı və Azərbaycanın digər şəhərlərinin ermənilərdən azad edilməsi məsələsinin olduğu vurğulanmışdır.
Məqalədə 1918-ci il aprelin 5-də Azərbaycan və türk əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun (QİO) təsis edildiyi vurğulanmış, bildirilmişdir ki, bundan dərhal sonra QİO 20 minlik erməni qoşunlarının hücumuna məruz qalmış, lakin əks hücuma keçən Azərbaycan ordusu Bakı da daxil olmaqla ölkəmizin işğal altındakı bütün şəhərlərini azad etmişdir.
Materialda Bakı azad edildikdən sonra 1918-ci il noyabrın 16-da Milli Şuranın Bakı şəhərinə köçdüyü, həmin il dekabrın 7-də isə Şərqdə ilk parlamentin təsis edildiyi qeyd olunmuşdur. Daha sonra deyilir ki, 1920-ci il yanvarın 11-də AXC faktiki olaraq Paris Sülh Konfransı tərəfindən tanınmış və dünyanın 20 ölkəsi ilə əlaqələr yaradılmışdır.
Məqalədə bildirilmişdir ki, ölkədə müasir ordu qurulmuş, hakimiyyətin icra, qanunverici və məhkəmə qanadlarının ayrılması məsələsi təmin edilmiş, konstitusiya islahatlarına, insan hüquqları və azadlıqlarını təmin edən cinayət məcəlləsinin hazırlanması istiqamətində əməli işlər görülmüşdür. Respublika hökuməti tərəfindən ermənilərin Azərbaycanda törətdiyi cinayətləri araşdıran xüsusi komissiya yaradılmış, dövlət atributları təsdiq olunmuş, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmişdir.
Materialda, həmçinin iqtisadi sahədə geniş islahatların aparıldığı, müstəqil maliyyə sisteminin yaradıldığı, Bakı-Batumi neft kəmərinin yenidən qurulduğu, Xəzər donanmasının təsis edildiyi, azad ticarət haqqında qanunun qəbul olunduğu barədə məlumatlar verilmişdir.
Məqalədə bildirilir ki, AXC-nin fəaliyyətinin ilk günlərindən Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət göstərilmişdir. Belə ki, hökumət Azərbaycan dilini məcburi fənn kimi tədris proqramına daxil etmiş, Bakı Universiteti yaradılmış, xaricdə təhsil almaq üçün yüzlərlə gənc təqaüdlə təmin edilmişdir.
Yazıda AXC-nin 1920-ci il aprelin 28-də süquta uğradığı qeyd edilmiş və yalnız 71 ildən sonra xalqın iradəsi ilə Azərbaycanın müstəqilliyinin bərpa edildiyi bildirilmişdir.
Qəzet yazır ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin maraqlarına uyğun xarici siyasət yürüdür. Qeyd edilir ki, bunun nəticəsində respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer almış, irimiqyaslı neft və qaz layihələri həyata keçirilmiş, infrastrukturlar yenidən qurulmuş, demokratik islahatlar aparılmışdır.
Məqalədə Azərbaycan-Pakistan münasibətlərinə xüsusi yer ayrılmış, əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, əməkdaşlığın bütün sahələri əhatə etdiyi bildirilmişdir.
AzərTAc