Azərbaycan qədim dövrlərdən indiyədək müxtəlif xalqların və milli etnik azlıqların vətənidir. Ulu Öndər müxtəlif xalqları və milli azlıqların ölkəmizdə sıx birliyini yaratmaq üçün azərbaycançılıq ideologiyasını reallaşdırdı. Fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə göstğərir ki, böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.
Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; o, həmçinin, milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.
Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdınlmasına səy göstərilən istənilən ideya da təkcə azərbycanlıların deyil, digər milli azlıqların maraqlarını özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını ön plana çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikada insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur.
Ümummilli Lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası dini tolerantlığın başlıca təminatçısı kimi çıxış edir.
Milli ideya sabit və statik xarakterli olmayıb, zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ 1990-cı illərin əvvəlində Ulu Öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə, yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir. Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə dəyişmişdir.
Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son 20 ildə iqtisadi va demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr və təhlillər aparılır.
Ulu Ödərin dövlətçilik kursunu bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycaın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Prezident İlham Əliyev Azərbaycanın müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir.
Hidayət Orucov göstərir ki, böyük siyasətə təkrar qayıdışından və xalqın təkidi, istəyi ilə hakimiyyətə gəlişindən sonra Heydər Əliyevin konseptual milli siyasət konsepsiyasında dünya azərbaycanlıları ilə iş prioritet istiqamət, taleyüklü xətt kimi müəyyənləşdirildi. Azərbaycan üçün tarixi hadisəyə çevrilən hər bir xarici səfəri Heydər Əliyev iki hissəyə ayırmışdır: birincisi qarşılıqlı razılaşmalara əsasən planlaşdırılmış dövlətlərarası danışıqların aparılması, rəsmi müqavilələrin və s. imzalanması, ikincisi azlığından-çoxluğundan asılı olmayaraq, orada məskunlaşmış azərbaycanlılarla görüş, onlarla fikir mübadiləsi və s.
Heydər Əliyevin dünya azərbaycanlıları ilə əlaqə, ünsiyyət, birgə fəaliyyət göstərmək proqramı və konsepsiyasının səciyyəvi cəhətləri qabarıq nəzərə çarpır: Azərbaycan dövləti və xalqı qarşısında onların vəzifələri, borcları, öhdəlikləri; Azərbaycan dövləti və xalqının öz soydaşları qarşısında məsuliyyəti, borcu, vəzifəsi.
Görkəmli dövlət xadiminin bu istiqamətdəki ardıcıl fəaliyyətinin gücünə, qüdrətinə bir neçə amil əsaslı şəkildə təminat yaradır:
1. Heydər Əliyev gəlişi gözəl sözlərlə deyil, ilk növbədə, şəxsiyyətinin kristal təmizliyi, fenomenal istedadı, xalqa, Vətənə təmənnasız və sonsuz vurğunluğu ilə özünün bütün dünya azərbaycanlılarının lideri olduğunu təsdiq edibdir.
2. Heydər Əliyev dünya azərbaycanlılarını inandıra bildi ki, Azərbaycan dövləti hansı ölkənin vətəndaşı olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşının insan hüquq və azadlıqlarının, təhlükəsizliyinin, etnik-milli özgürlüklərinin, dini etiqadının qorunub saxlanılması üçün məsuliyyət daşıyır.
3. Heydər Əliyev çalışır ki, azərbaycanlı Azərbaycanı özünün doğma vətəni hesab etsin və hər bir an elin-obanın, xalqın qayğısı, dərdi, sevinci, kədəri, səadəti ilə yaşasın. Onun dünya azərbaycanlılarına müraciətlə dediyi aşağıdakı sözlər təkcə ümummilli siyasət kursunun kredosu deyil, eyni zamanda, azərbaycançılıq məramının manifestidir: "Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən". Elə bu fikirdən də nəzərə çapır ki, Heydər Əliyev Azərbaycan dövlətinin gücünü, qüdrətini, ölkəmizin milli birliyinin sarsılmazlığını, eyni zamanda, dünya azərbaycanlılarının birliyində görür.
Ulu Öndər xalqımızın dahi oğlu bir vətəndaş yanğısıyla bütün dünya azərbaycanlılarına müraciət edərək demişdir: "Kim həqiqi azərbaycanlıdırsa, kim öz torpağını, valideynini sevirsə, indi onun üçün bir Azərbaycan var, bir Azərbaycan torpağı var və Azərbaycan dövləti var, Azərbaycanın prezidenti var! Əmin ola bilərsiniz ki, Azərbaycanın bu prezidenti son nəfəsinə qədər Azərbaycanın müstəqilliyini, daxili sabitliyini qoruyacaq, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcək və ən əsası, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacaqdır".
Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla görüşlərindəki çıxışlarını hər bir Azərbaycan ziyalısı dərindən öyrənməyi, mühacirət həyatı keçirən milyonlarla qardaş-bacılarımızın milli özgürlüyünün qorunub saxlanılması, dil və mədəniyyətlərinin inkişafı, insan-vətəndaş hüquqlarının qorunması, müstəqil dövlətimiz ətrafında sıx mənəvi birliyin təmin edilməsi və s. problemlərin həllində imkan daxilində iştirak etməlidir. Qarşıya qoyulan bu müqəddəs vəzifələrin vacibliyi, dəyəri və məsuliyyəti bir də ondadır ki, xarici soydaşlarımızın özlərinin əbədiyaşar Prezident hesab etdikləri böyük şəxsiyyət - Heydər Əliyev tərəfindən irəli sürülür və tövsiyə edilir.
Filologiya üzrə elmlər doktoru Azər Mustafayev yazır: "Postsovet məkanında, o cümlədən, Azərbaycan cəmiyyətində əvvəllər bizə bəlli olmayan və sosial sabitliyin təminatında gərginliyə səbəb olan problem və hadisələri dərk etmək və onlarla üz-üzə gəlmək, cəmiyyətdə mövcud olan maraq və mənafelərin, ideya və baxışların toqquşması zəmnində yaranmış ziddiyyətləri təhlil edib, onları zəriflik mənbəyindən güc mənbəyinə çevirmək, bu problemlər məngənəsindən qurtuluş üçün ağlın gücünə söykənərək düzgün nəticə çıxarmaq, başqa sözlə, xalqımızın əsrlər boyu arzuladığı güclü Azərbaycan dövlətini qurmaq məharəti yalnız Heydər Əliyev dühasında nəsib ola biləcək bir səadətdir.
Hər bir xalq, o cümlədən, dünya xalqları sırasında öz dəsti-xətti və nailiyyətləri ilə seçilən Azərbaycan xalqı tarixən özünün bəşər sivilzasiyasına verdiyi töfhələrlə, daha dəqiq desək, milli-mənəvi dəyərləri ilə dünya mədəniyyətini zənginləşdirdiyinə görə, ən başlıcası isə, öz millətinin şərəf və ləyaqət salnaməsini yazmış bənzərsiz tarixi şəxsiyyətləri ilə tanınır. Çünki dövlətçilik strategiyasını qavramaq və qurmaq qabiliyyətinə malik belə şəxsiyyətlərin böyüklüyü, qüdrəti və əzəməti bütövlükdə Azərbaycan xalqının böyüklüyünü, qüdrətini və əzəmətini nümayiş etdirir. Bu fikri mübağiləsiz olaraq bənzərsiz və unudulmaz bir ömür yolu keçmiş dəmir iradəyə, dözümə, dəyanətə malik, zamanından və məkanından asılı olmayaraq, yaşama prosesində milli əqidə bütövlüyünə, daxili mənəvi zənginliyə üstünlük verən Heydər Əliyev haqqında demək olar. Və demək də lazımdır."
Ulu Öndər Heydər Əliyevin anadan olmasın 90 illik yubileyi münasibətilə Prezidentin Sərəncamında deyilir: "Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır. Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmısdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi. Xalqımızın Ümummilli Liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmryliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını niimayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onun milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi, Onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhranın müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün -1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu Qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru