Toplantıda Azərbaycan Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunub
Bərdə rayon icra hakimiyyətinin akt zalında rayon gənclərinin toplantısı keçirilib. Toplantıdan öncə rayonun fəal gənclərindən bir qrupu Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini gəzərək Ulu Öndərlə bağlı eksponatlarla tanış olublar.
Toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, bu siyasətin müasir dövrümüzdə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq, gənclərin ölkə daxilində, eləcə də dünya arenasında əldə etdikləri uğurları vurğulayıblar. Qeyd edilib ki, Bərdə rayonunun 42 minlik gənclər ordusu Ulu Öndər Heydər Əliyevin nurlu ideyalarını dönmədən həyata keçirən Möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşərək dövlətimizin qüdrətlənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daim öndə olmağa çalışırlar.
Toplantıda çıxış edən gənclər müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaqdan şərəf və qürur duyduqlarını, dövlətimizin gələcəyinin etibarlı əllərdə olması üçün üzərlərinə düşən məsuliyyətin böyüklüyünü dərk etdiklərini, daim buna hazır olmaq üçün çalışdıqlarını bildiriblər.
Toplantıda Respublika Gənclərinin VII Forumuna nümayəndələr seçilib. Bununla yanaşı, Azərbaycan Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunub. Onu da bildirək ki, rayonun fəal gənclərindən bir qrupuna qiymətli hədiyyələr təqdim edilib.
NƏZAKƏT