Bu Sərəncam Ulu Öndər Heydər Əliyevin humanizm prinsipinə əsaslanan siyasətinin davam etdirildiyinin sübututudur
Dövlət başçısı İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamına əsasən 171 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edliməsi onlarla ailənin sevincinə səbəb olub.
28 May Respublika Gününün ərəfəsində imzalanan Sərəncam bir daha göstərir ki, ölkəmizdə insan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir. Sərəncamda qeyd olunduğu kimi dövlət başçısına ünvanlanmış müraciətlərə baxılarkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddət, davranışları nəzərə alınmışdır. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 157 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan tam azad ediliblər. Xatırladaq ki, Əfv olunan şəxslər arasında jurnalist Fərəməz Allahverdiyev, AXCP-nin Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev və AXCP-nin keçmiş üzvü Daşqın Məlikov da var. əfv olunanlardan 13-ü İran İslam Respublikası, 1-i Əfqanıstan, 1-i Türkmənistan, 1-i isə Belarus vətəndaşıdır.
Onu da qeyd edək ki, ölkə Prezidentinin imzaladığı növbəti Sərəncamı ictimaiyyət tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Tahir Süleymanov: "Prezidentin imzaladığı bu Sərəncamı da Azərbaycan dövlətinin humanist siyasətinin növbəti təzahürüdür"
Millət vəkili Tahir Süleymanov "Səs" qəzetinə verdiyi açıqlamasında ölkə Prezidenti Cənab İlham Əliyevin 28 May Respublika Günü ərəfəsində imzaladığı əfv Sərəncamının dövlətin humanist siyasətinin növbəti təzahürü olduğunu bildirib: "İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk".
Bu baxımdan cinayət törətmiş insanları əfv etmək, cəzalarının çəkilməmiş hisəssindən azad etmək, bağışlamaq həm onları normal həyata qaytarır, həm də müasir Azərbaycanın humanizm prinsiplərinə sədaqətini bir daha təsdiqləyir. Onu dav qeyd edim ki, Azərbaycan Prezidenti imzaladığı əfv Sərəncamı ilə kimlərisə qane etmək, kimlərinsə arzularını yerinə yetirmək mövqeyindən çıxış etmir. O, yalnız Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətinin mahiyyətinə uyğun lazım bildiyi addımları atır. Ölkə Prezidentinin əfv haqqında verdiyi son Sərəncam Azərbaycan dövlətinin insan hüquq və azadlıqları istiqamətində yürütdüyü humanist siyasətinin növbəti təzahürüdür. Prezident bununla məhkum həyatı yaşayanların, səhvini anlamış insanların cəmiyyətə qayıtmaq və yenidən bu cəmiyyətin bərabərhüquqlu üzvü olmaq və özünün gələcək həyatını qanunlara uyğun şəkildə qurmaq üçün şərait yaradır, imkan verir. Bu Sərəncam Prezident tərəfindən humanist bir addımdır və yüzlərlə insanı, ailələri sevindirib".
Sədaqət Vəliyeva: "Prezident İlham Əliyevin humanizm siyasətini xalq yüksək qiymətləndirir"
"Prezident İlham Əliyevin sonuncu əfv Sərəncamı, əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinin davamı kimi səciyyələndirilməlidir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi. S.Vəliyeva xüsusi vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv Sərəncamı imzalanıb: "Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Həmçinin Onun siyasi varisi Prezident İlham Əliyevin idarəçiliyi dövründə də Azərbaycan xalqı eyni siyasətin yürüdüldüyünün şahididir. Ümumiyyətlə, mütəmadi qaydada cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Çünki humanist addımlar mahiyyət etibarilə bəzən qəbul olunmuş ədalət prinsipləri çərçivəsindən kənara çıxaraq, insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi, "yamanlığa yaxşılıqla" cavab verilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu, o deməkdir ki, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır".
Sədaqət Vəliyeva xüsusilə qeyd edib ki, əfv olunan insanların sonradan törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur: "Digər tərəfdən, bu cür amnistiya aktları başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir. Buradan da, əfvin əxlaqi, mənəvi-psixoloji əhəmiyyəti önə çıxır".
Malik Həsənov: " Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir"
Millət vəkili Malik Həsənov bildirdi ki, insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamına əsasən 171 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edliməsi onlarla ailənin sevincinə səbəb olub: "Bu Sərəncamla ölkə başçısı Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini növbəti dəfə sübut etdirdi. İnsanlıq, humanizm, hər şeydən əvvəl, insana qayğı, ona həssas münasibət bəsləmək, insan ləyaqətinə hörmət etmək deməkdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik" söyləyən Ulu Öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxladı. O bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü olan bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən." Məhz dövlət başçısı İlham Əliyevin 28 May Respublika Günü ərəfəsində növbəti əfv Sərəncamı imzalaması da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir".
Nəriman Əliyev: "Hər zaman mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib"
Millət vəkili Nəriman Əliyev bildirdi ki, ölkəmizdə təcəssümünü tapmış bu cür humanizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Hələ 1995-ci ildə əfv və amnistiya təsisatlarının bərpa edilməsi, Ombudsman institutunun yaradılması, bunun ardınca cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində cəmiyyətə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Bu isə ədalətli və sağlam təməllərə əsaslanan cəmiyyət quruculuğu işini sürətləndirən misilsiz amil kimi dəyərləndirilməlidir... Bu gün isə özündə yüksək dəyərləri və normaları nümayiş edən humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. Təsadüfi deyil ki, səhvindən səmimi peşmançılıq duyan, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların bağışlanması ilə bağlı bu günədək Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamların nəzərdə tutulmuş qaydada reallaşdırılması isə sözügedən humanizm siyasətinin yüksək səviyyədə həyata keçirilməsini göstərən bariz nümunədir. Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Bu, öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir".
RƏFİQƏ KAMALQIZI