PDF Oxu

Siyasət

  • 33

İlham Əliyev: “Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar”

İlham Əliyev: “Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar”

Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləyib. Prezident İlham Əliyev nitqində diqqətə çatdırıb ki, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb:

"Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.

Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz Sovet İttifaqı tərkibində yaşamışıq. Əlbəttə, xalqımız o illərdə inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi.

İkinci şans bizə 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.

Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi sistemin formalaşmasında da yenə də Ulu Öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynamışdır. Azərbaycanda siyasi islahatlar aparılmağa başlanmışdır. Dünyaya inteqrasiya dövrü başlanmışdır. Azərbaycanı dünyada tanımağa başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu Öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini vermişdir.

İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı. Milli ideologiyamız məhz o illərdə yaradılmışdır, - bu gün də bizim inkişafımız üçün bu, əsasdır, - dövlətçiliyin əsasları qoyulmuşdur və əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanmışdır. İndi Azərbaycanın inkişafını neft sənayesiz təsəvvür etmək mümkün deyildir. Ancaq hamımız yaxşı bilirik, mütəxəssislər də yaxşı bilirlər ki, Sovet İttifaqı dağılanda bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə idi. Neft hasilatı təxminən 10 milyon ton səviyyəsində idi. Bu, heç bizim gündəlik tələbatımızı ödəmək üçün kifayət etmirdi. Bütün ölkədə zülmət, qaranlıq müşahidə olunurdu, elektrik enerjisi çatışmazlığı, elementar infrastruktur layihələrinin olmaması - yəni, bu idi bizim o vaxtkı vəziyyətimiz. Ona görə neft kontraktlarının, xüsusilə "Əsrin kontraktı"nın, - o gündən artıq 20 il keçir, - imzalanması dönüş yaratdı. Həm iqtisadi, həm siyasi sahədə."

Prezident Ilham Əliyev qeyd edib ki, 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaq. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaq:

"Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir. Son on il ərzindəki nailiyyətlər haqqında çox danışmaq istəmirəm. Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki son on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır.

Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur. Son on il ərzində biz islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək, Azərbaycan cəmiyyətində həmrəylik hisslərini gücləndirərək böyük və uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə qoyulmuşdur. Müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulmuşdur. Biz bu gün beynəlxalq arenada söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə, həm dünyada bizə əlavə hörmət qazandırır. Hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz vardır. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və bizim addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik."

Prezident diqqətə çatdırıb ki, bu gün Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə töhfə verərək həm iqtisadi, həm siyasi maraqlarını tam şəkildə təmin edir:

"Bizim maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola bilər. Yəni, bu sözləri sadəcə olaraq özümüzü tərifləmək üçün demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu, reallıqdır. Bizim böyük maddi imkanlarımız, maliyyə imkanlarımız vardır. Biz heç bir beynəlxalq maliyyə qurumunun dəstəyindən asılı deyilik. Bu da bizim müstəqilliyimizi möhkəmləndirir. Nədir müstəqilliyimizi şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir.

Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında bir daha öz fikirlərimizi ifadə edirik. Əslində bizim gələcək fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır. Biz istər xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq bir neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək istəyirəm.

Daxili siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər - bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir. Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq.

Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik."

Dövlətimizin başçısı bildirib ki, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Prezident qeyd edib ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmayıb:

"Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır. Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır."

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" monoqrafiyasına görə Tofiq Nağıyevə və "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edildi. Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Digər xəbərlər