PDF Oxu

Siyasət

  • 10

Naxçıvanda keçirilən elmi-praktik konfransda Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal tariximizdəki yeri və rolu ətraflı təhlil olunmuşdur

Naxçıvanda keçirilən elmi-praktik konfransda Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal tariximizdəki yeri və rolu ətraflı təhlil olunmuşdur

AMEA Naxçıvan bölməsində "Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik respublika" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə mühüm hadisə kimi daxil olmuşdur. Müstəqil və demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə azərbaycanlıların milli mənlik şüurunu özünə qaytarmış, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndən də göründüyü kimi, bu möhtəşəm tarixi hadisə xalqımızın müstəqillik amalını daha da gücləndirmişdir.

Bildirilmişdir ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Təsadüfi deyildir ki, xalqımız Cümhuriyyətin yaradılmasının elan olunduğu bu şərəfli tarixi "Respublika Günü" kimi bayram edir.

Qeyd edilmişdir ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Hacı Qadir Qədirzadə "Azərbaycan Xalq Cümhuriyyəti və onun Azərbaycan dövlətçilik tarixində yeri", institutun böyük elmi işçisi Zeynəb Quliyeva "Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları", elmi işçi Elnur Kəlbizadə "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi", böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzularında elmi məruzələrlə çıxış etmişlər.

Məruzələrdə vurğulanmışdır ki, öz qısa fəaliyyəti dövründə demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi daxil olmuşdur.

Konfransda Cümhuriyyət dövrünə aid müxtəlif fotoşəkil və tarixi sənədlərdən ibarət fotoslayd nümayiş etdirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal tariximizdəki yerinin və rolunun ətraflı təhlil olunduğu konfransa AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

AzərTAc

Digər xəbərlər