PDF Oxu

Siyasət

  • 19

Səbailli gənclər respublika gününü Daxili Qoşunların hərbi hissəsində qeyd ediblər

Səbailli gənclər respublika gününü Daxili Qoşunların hərbi hissəsində qeyd ediblər

Respublika günü ərəfəsində Səbail rayon icra hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə "N" saylı hərbi hissədə tədbir keçirilib. Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri və Daxili Qoşunların şəxsi heyəti iştirak ediblər.

Əvvəlcə qonaqlar vətənimizin torpaqlarının qorunması və azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş Daxili Qoşunların nümayəndələrinin şərəfinə ucaldılmış abinə önünə çiçək dəstələri düzüblər. Sonra tələbələr, şagirdlər və müəllimlər Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili Qoşunlar komandanının I müavini, qərargah rəisi, general-mayor Şirin Xəlilovun iştirakilə hərbi hissənin əsgər yataqxanasına və xidmət otaqlarına baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məktəblilərə məlumat verilib, bu silahlardan istifadə qaydaları, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimləri, xüsusi geyim və qorunma vasitələri nümayiş etdirib. Eyni zamanda, xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib.

Hərbi hissənin sıra meydanında keçirilən təntənəli toplantıda çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ilk öncə tədbir iştirakçılarını respublika günü münasibəti ilə təbrik etmiş, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasından danışıb. A.Əsgərov, həmçinin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat verib və qeyd edib ki, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində, hərbi xidmətə hazırlığı işlərində mühüm əhəmiyyət kəsb edir. Rayon rəhbəri belə Səbail rayonu ilə DİN Daxili Qoşunları arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyini vurğulayıb.

Bakı şəhəri üzrə təhsil idarəsinin rəis müavini Hüseyn Əsgərov da hərbi hissənin şəxsi heyətini və iştirakçıları respublika günü münasibəti ilə təbrik edərək əsgərlərimizə xidmətdə uğurlar arzulayıb.

Daxili Qoşunların komandanının I müavini, qərargah rəisi, general-mayor Şirin Xəlilov tədbir iştirakçılarını əlamətdar bayram münasibəti ilə təbrik edərək, Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışıb. Ş.Xəlilov, eyni zamanda Daxili Qoşunların inkişafı və bu qoşun növünün müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ilə bağlı məlumat verib. Ş.Xəlilov vətəni sevməyi, dövlətimiz naminə gəncləri hər bir fədakarlığa hazır olmağı tösiyə edib.

Görüşdə xidmətdə fərqlənən əsgər və zabitlərin bir qrupu Səbail rayon icra hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Rəsmi hissədən sonra qonaqlar və hərbi hissənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunub. Sonda populyar incəsənət xadimləri əsgərlər qarşısında musiqi proqramı ilə çıxış edib.

R.HÜSEYNOVA

Digər xəbərlər