Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Prezident İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Müstəqilliyimizin daimi, əbədi, dönməz olmasında, dövlətçiliyimizin möhkəmlənməsində, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanın hər yerində əziz tutulur, böyük hörmət və rəğbətlə anılır. Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün bölgələrdə mühüm işlər görülür, vacib layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.
Belə mərkəzlərdən biri də Neftçalada yaradılmışdır. Orijinal layihə əsasında tikilən bu mərkəz ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar sərgilənir. Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi bütün sahələrdə qazandığı uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alan, iqtisadiyyatı ağır böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxaran, qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər görən Ümummilli Liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Belə mərkəzlərin yaradılması isə dahi rəhbərin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Mərkəzin tikintisinə 2012-ci ildə başlanılmışdır. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülmüşdür. Müasir interyeri ilə diqqəti cəlb edən foyedə Ümummilli Liderin büstü qoyulmuşdur. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində Ulu Öndərin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zamanı çəkilən fotoları nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev ilə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.
Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcəkdir. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır. Mərkəzdəki xarici dil kursları, 3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun zalı, fotostudiya da müasirliyi ilə diqqəti cəlb edir. Müasir akustik sistemlə təchiz edilən 400 yerlik konfrans zalında Neftçala rayonunun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaqdır.
Qeyd edildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Binada Prezident İlham Əliyevin Neftçalaya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi salonu, kafe, istirahət otağı və digər yardımçı otaqlar vardır. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev çixişinda qeyd edib ki, Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır:
"İlk növbədə sizi Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün böyük bayramdır, Respublika Günüdür, müstəqillik günüdür. Dünən Bakıda təntənəli tədbir keçirilmişdir və bu gün bu bayramı qeyd etmək üçün mən Neftçalaya gəlmişəm. Bu gün - bu gözəl bayram günündə Heydər Əliyev Mərkəzi açılır. Bu hadisə də rəmzi xarakter daşıyır. Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir.
Bu gözəl Mərkəz göz oxşayır. Həm xarici görünüşü, eyni zamanda, daxili dizaynı da çox gözəldir, zövqlə tikilibdir. Eyni zamanda, bu Mərkəzin funksional cəhəti də çox müsbətdir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl şərait var, dərnəklər, xarici dil kursları, kompyuter mərkəzi fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu Mərkəz doğrudan da bir mərkəz olacaqdır. Əminəm ki, Neftçala rayon sakinləri, gənclər bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.
Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır. İstərdim ki, hər bir kənddə də işlər bu səviyyədə olsun. Bizim əsas məqsədimiz də bundan ibarətdir. Çünki regional inkişaf proqramlarının qəbulu məhz bu məqsədi daşıyırdı. Hər bir rayonda inkişaf olmalıdır. Hər bir rayonda, hər bir kənddə quruculuq işləri aparılmalıdır.
Biz bu gün - müstəqillik günündə görülən işlərə bir daha qiymət veririk və görüləcək işlər haqqında da əlbəttə ki, öz fikirlərimizi ifadə edirik. Mən dünən rəsmi qəbulda gələcək planlarımız haqqında fikirlərimi bildirdim, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq bu gün burada olarkən bir daha regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qəbul edilmiş proqramlar icra olunur. Bu, çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilmişdir. İndi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunlar çox konkret proqramlardır.
Proqramların icrası üçün maddi təminat da vardır. Bu gün Azərbaycanın maliyyə vəziyyəti elədir ki, biz istənilən layihəni özümüz icra edə bilərik və edirik. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılır, regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlər öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, bütün işlər vaxtında və keyfiyyətlə görülsün. Əminəm ki, biz buna nail olacağıq və artıq bütün bölgələrdə infrastruktur layihələri 2018-ci ildə başa çatacaqdır. O cümlədən Neftçala rayonunda da həllini gözləyən layihələr icra edilir və ediləcəkdir.
İlk növbədə yolların tikintisi diqqət mərkəzində olmalıdır. Bu məqsədlə iki il bundan əvvəl burada bir neçə kəndi birləşdirən yolun tikintisinə vəsait ayrılmışdır və o layihə icra edilib. Salyan-Neftçala avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İndi cari təmir aparılmışdır, ancaq bu yol əsaslı təmir olunacaqdır və biz yaxın zamanlarda buna da başlayacağıq. Bakı-Salyan yolunun böyük hissəsi artıq istifadəyə verilib, dördzolaqlı çox gözəl yoldur. Yəni, buradan həm Bakı, həm digər rayonlarla əlaqələr daha da möhkəm olacaqdır. Kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Biz bütün rayonlardan, həm yerli icra orqanlarından, eyni zamanda, vətəndaşlardan təkliflər almışıq. Neftçalada böyük bir yol layihəsinin icrası həllini gözləyir. Bu da 61 kilometr uzunluğunda, təqribən 20-dən çox kəndi birləşdirən bir yol olacaqdır. Beləliklə, həm o yol, həm də hazırda icra edilmiş yol layihələri demək olar ki, kənd yolları problemini bütünlüklə həll edəcəkdir.
Digər məsələlər də, digər problemlər də vardır. Siz onları yaxşı bilirsiniz, mən də bilirəm. Biz onları da tədricən həll edirik. Burada əsas problem içməli su məsələsidir. Biz çalışmışıq ki, son illər ərzində bu məsələni tədricən həll edək. İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılmışdır və bu qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq biz Neftçala sakinlərini təmiz içməli su ilə tam şəkildə təmin etməliyik və bunu edəcəyik. Layihələr hazırlanır, yəqin ki, yaxın vaxtlarda onların icrasına başlanacaqdır. Modul tipli layihələr də əlbəttə ki, davam etdiriləcəkdir. Ancaq şəhərin yeni şəbəkəsi qurulmalıdır. Yeni mənbələr aşkar edilməlidir və əlbəttə ki, infrastruktur işləri aparılmalıdır. Bu, gündəlikdə duran məsələdir və bu məsələ öz həllini tapacaqdır.
Qazlaşdırma ilə bağlı problemlər vardır. O mənada ki, Neftçala rayonu hələ 100 faiz qazlaşdırılmayıbdır. Təxminən 50 faiz qazlaşdırılıbdır. Əhalinin 50 faizi qazla təmin edilir. Neftçala rayonunda qazlaşdırma 100 faiz olmalıdır və qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, bu məsələlərlə məşğul olan dövlət qurumları bu işləri daha da sürətlə aparmalıdırlar.
Sosial infrastrukturun yaradılması əlbəttə, daim diqqət mərkəzindədir. Mərkəzi xəstəxanada təmir işləri başlanır, vəsait ayrılıbdır. Yeni Olimpiya Kompleksi tikiləcəkdir. Məktəblər təmir edilir, tikilir. Yəni, bax, bütün bu sosial və infrastruktur məsələlərinin həlli gündəlikdədir. Biz bu məsələləri bilirik, onları icra edirik və edəcəyik.
Şübhəsiz ki, Neftçala rayonunda yeni iş yerlərinin açılması da çox vacib məsələdir. Burada bir neçə müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il "Sənaye ili" elan edilmişdir. "Sənaye ili"nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı əlbəttə ki, prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və rayon rəhbərliyi o yerləri müəyyən edəcəkdir. Orada dövlət hesabına infrastruktur layihələri icra olunacaqdır. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcəkdir. Çünki sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və bu, özəl sahibkarlığı stimullaşdırır.
Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu, bizə bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları, sahibkarlığa dəstək siyasəti. Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. İctimaiyyət, iş adamları, rayon rəhbərliyi burada vahid mövqe göstərməlidirlər. Belə olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır. O cümlədən regional inkişaf proqramları dediyim kimi, artıqlaması ilə icra edilibdir.
Üçüncü proqram qəbul edilərkən yerlərdən təkliflər verilmişdir. Bu təkliflər əsasında proqram da tərtib olunub, dərc edilib və yəqin ki, siz də tanışsınız. Çünki hər rayon üzrə görüləcək işlər orada göstərilibdir. Bax, budur bizim gələcəklə, regionların inkişafı ilə bağlı olan yanaşmamız. Əminəm ki, biz bundan sonra da ölkəmizin sürətli inkişafını təmin edəcəyik. Müstəqilliyimiz möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir. Müstəqillik dövrü bir daha onu göstərir ki, xalqımız ancaq müstəqil olan zaman uğurla inkişaf edə bilər. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq. Bizim məqsədimiz də birdir - ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır. Mən sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edir, sizə yeni uğurlar arzulayıram." Rayon sakini Ruhəngiz Nəcəfova ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını çatdırıb: "Möhtərəm cənab Prezident, icazə verin, Sizi bütün neftçalalılar adından ürəkdən salamlayım. Xoş gəlmisiniz! Bu gün ümummilli lider, tarixi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Mərkəzin açılışındayıq. Hər bir azərbaycanlı yaxşı bilir ki, Heydər Əliyev bütün ömrü boyu xalqına, Vətəninə xidmət etmişdir. Onun qoyduğu möhkəm əsaslar Azərbaycanımızı güclü və qüdrətli bir dövlət kimi dünyaya tanıtmışdır. Ulu Öndərimiz tərəfindən atılmış qətiyyətli addımlar, irəli sürülmüş təkliflər isə artıq bu gün öz reallığını tapmışdır. Daim yaşayacaq bir Azərbaycan dövləti yaradılmışdır.
Bizim bir nömrəli borcumuz, vəzifəmiz ondan ibarətdir ki, yetişməkdə olan gənc nəslə, bütün insanlarımıza bu həqiqətləri dönə-dönə, yorulmadan çatdıraq. Əgər Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycanımız olmazdı. Əgər o hakimiyyətə gəlməsəydi, bugünkü müstəqilliyimizdən, güclü iqtisadiyyatımızdan danışmağa belə dəyməzdi. Xoşbəxtik ki, Siz də onun yolu ilə gedirsiniz, ölməz ideyalarını inkişaf və davam etdirirsiniz. Məhz bunun nəticəsidir ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü, qüdrətli və müstəqil olmamışdır. Sizin Neftçalaya bugünkü gəlişiniz əlamətdar bir günə - 28 May - Respublika Gününə təsadüf edir. Düzdür, o zamanlar müstəqilliyimiz uzunmüddətli olmadı. Ulu Öndərimizin sözləri ilə desək, "Müstəqilliyin əldə olunması nə qədər çətin bir işdirsə, onun qorunub saxlanılması, daimi və əbədi olması bir o qədər çətindir".
Prezident İlham Əliyev: "Sağ olun. Əlbəttə, rayonun inkişafı üçün bütün lazım olan tədbirlər görüləcəkdir. Əlbəttə, uşaq incəsənət məktəbinin binası da təmir ediləcəkdir. Bütövlükdə, Neftçala rayonunun hərtərəfli inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Siz də çox vacib məsələlərə toxundunuz - gənclərin tərbiyəsi. Gənclər indi azad ölkədə yaşayırlar. Onların xoşbəxtliyi ondan ibarətdir ki, bugünkü gənclər gözlərini açan kimi müstəqillik görmüşlər və müstəqillik, azadlıq şəraitində yaşayırlar. Biz keçmiş dövrü də görmüşük, xatırlayırıq. Müqayisə aparmaq üçün əlbəttə ki, imkanlar kifayət qədər genişdir. Müqayisə apararkən hər dəfə, hər gün bir daha əmin oluruq ki, xalqımız ancaq müstəqillik şəraitində yaxşı yaşaya bilər. Azərbaycan sovet məkanında iki respublikadan biri idi ki, donor kimi fəaliyyət göstərirdi, yəni, özünü təmin edirdi. Ancaq müstəqillik əldə olunanda bizdə vəziyyət necə idi?! Dağılmış sənaye, iqtisadiyyatda durğunluq, maliyyə vəziyyətimiz çox ağır idi, xəzinə boş idi, neft hasilatı aşağı düşmüşdü, kütləvi işsizlik, inflyasiya 1000, ya 2000 faizə qalxmışdı və böhran hökm sürürdü. Baxmayaraq ki, Azərbaycan sovet dövründə ümumittifaq xəzinəsinə böyük töhfələr vermişdi, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi. Ancaq buna baxmayaraq, biz müstəqilliyi bərpa edəndə çox ağır vəziyyətdə idik. Ona görə, Ulu Öndərin səyləri, siyasəti nəticəsində biz 20 il ərzində ayağa qalxdıq, ayaqda möhkəm durmuşuq, güclü ölkə yaratmışıq. Bu siyasət bu gün də davam edir və davam edəcəkdir.
Gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, almalıdırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə, ilk növbədə, onlar öz Vətəninə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər, bilikli, savadlı olmalıdırlar. Çünki əgər bilikli, savadlı olarlarsa, o zaman heç bir kənar təsir onların hərəkətlərinə mənfi cəhətdən təsir edə bilməz.
Biz bilirik ki, bu gün Azərbaycan dünya miqyasında çox önəmli ölkəyə çevrilibdir. Bir çox məsələlər bizim qərarlarımızdan asılıdır. Həm siyasi, həm iqtisadi, enerji və digər sahələrlə bağlı bizim qərarımızdan çox şey asılıdır. Ona görə Azərbaycana, bizim siyasətimizə təzyiq və təsir etmək cəhdləri vardır, gələcəkdə də olacaqdır. Biz, əlbəttə, heç vaxt imkan verə bilmərik ki, maraqlarımıza zidd olan bir təşəbbüs burada reallaşsın. Ancaq bizdən sonra gələnlər də eyni fikirdə olmalıdırlar. Bizdən sonra gələnlər də Vətəni bizim qədər sevməlidirlər və müstəqilliyi hər şeydən üstün tutmalıdırlar. Ona görə müəllimlərin rolu həddindən artıq böyükdür. Həm gənc nəslə bilik verməlidirlər ki, onlar savadlı olsunlar, eyni zamanda, öz Vətənini sevsinlər, müstəqilliyi hər şeydən üstün tutsunlar. Bu gün Azərbaycan elə sürətlə inkişaf edir ki, hər bir vətəndaş haqlı olaraq Azərbaycan vətəndaşı olmağı ilə fəxr edir. Biz ardıcıllığı təmin etməliyik. Artıq 20 ildir ki, Azərbaycanda ardıcıllıq təmin edilir və bu, bizim uğurumuzun əsas səbəbidir. Düşünülmüş, uzunmüddətli siyasət. Biz öz siyasətimizi 20-30 il bundan sonra da bu istiqamətdə aparmalıyıq ki, ölkəmiz daim inkişafda olsun, sabitlik, rifah, əmin-amanlıq olsun. Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Ona görə mənim bölgələrə səfərlərim də bax, bu məqsədi daşıyır - həm vəziyyətlə tanış olmaq, əlavə tapşırıq və tövsiyə vermək.
Sizi bir daha bayram münasibətilə təbrik edir, sizə yeni uğurlar arzulayıram. Sağ olun." Sonda xatirə şəkli çəkdirildi.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Son illərdə Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasına müasir çalarlar qatır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Neftçala rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Dövlətimizin başçısı binada yaradılmış şəraitlə tanış oldu. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Neftçala rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılmışdır. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılmışdır. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılmışdır. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır.
Rayonun inzibati xəritəsinə baxan Prezident İlham Əliyevə Neftçalanın iqtisadiyyatı və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verildi. İcra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı fəvvarələr isə ərazini daha da gözəlləşdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfəri çərçivəsində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının yenidən müstəqil Azərbaycanın dövlət rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü Naxçıvanda qaldırılmışdır. Bu mənada dövlət atributlarına hörmət və ehtiram ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Neftçalada salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Neftçaladakı Bayraq Meydanı ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani nümunəsidir. Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 36 metrdir. Bu da qürur mənbəyimiz olan dövlət bayrağımızın şəhərin hər yerindən görünməsinə imkan verir. İnşasına 2012-ci ildə başlanan Bayraq Meydanı həm də rayonda aparılan abadlıq-quruculuq işlərinin göstəricisidir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Meydanda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala şəhərində yaradılan yeni bulvarla tanış olub. Ölkəmizin iqtisadi gücünün ilbəil artması nəticəsində həyata keçirilən məqsədyönlü sosial siyasət bu gün Azərbaycanın hər bir bölgəsinin inkişafında özünü aydın büruzə verir. Azərbaycanda hər bir vətəndaş bu inkişafı öz həyatında hiss edir. Bu məsələdə dövlətimizin başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerlərdə uğurla icrası mühüm əhəmiyyətə malikdir. İndi Neftçala da geniş abadlıq və quruculuq meydanını xatırladır. Yeni infrastruktur layihələrinin icrası Neftçalanın simasının müasirləşməsi ilə yanaşı, ilk növbədə, əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu, göstərir ki, yeniləşən və müasirləşən Azərbaycanın sürətli iqtisadi inkişafını şərtləndirən mühüm layihələrin icrası davamlı xarakter almışdır.
Diqqətə çatdırıldı ki, 60 min kvadratmetr ərazidə salınan bu istirahət məkanında vacib iaşə obyektləri, hovuz-fəvvarə inşa olunmuşdur. Bulvar müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, geniş yaşıllıq və abadlıq işləri görülmüşdür. Burada yaradılan şərait bir daha təsdiq edir ki, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrdə genişmiqyaslı quruculuq işləri ilə müşayiət olunur. Bu işlərin müasir tələblər səviyyəsində həyata keçirilməsi ilk növbədə, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması, onların istirahətinin mənalı təşkilinə xidmət edir. Bu işlər həm də ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin miqyasını nümayiş etdirir. Bulvarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə sakinlərin yay istirahətinin təşkili üçün Kür sahilində görüləcək əlavə tədbirlər barədə məlumat verildi.