PDF Oxu

Siyasət

  • 16

Mübariz Qurbanlı: "Başqa ölkənin vətəndaşlığını qəbul edən çox şey itirir"

Mübariz Qurbanlı: "Başqa ölkənin vətəndaşlığını qəbul edən çox şey itirir"

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun layihəsinə edilən dəyişikliklər barədə öz fikirlərini bildiriblər. SİA-nın xəbərinə görə, millət vəkili Fazil Mustafa çıxışı zamanı deyib ki, burada söhbət şəxsin özünü Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlıdır: "Hüquqi boşluq yaranmaması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməlidir, çünki Konstitusiyaya görə heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz".F. Mustafa müəyyən hallarda ali savadlı şəxslərin başqa ölkələrin Silahlı Qüvvələrində çalışmasının vətəndaşlıqdan məhrumetməyə əsas olması barədə müddəa ilə razılaşmayıb: "Əgər vətəndaşımız Türkiyə Silahlı Qüvvələrində alim kimi çalışırsa, niyə vətəndaşlıqdan məhrum edilməlidir? Həm də doğum haqqında şəhadətnamə məsələsinin vətəndaşlıqla bağlı oradan çıxarılması düzgün deyil".Millət vəkili Sabir Rüstəmxanlı bu dəyişikliklərin ailələrin dağılmasına rəvac verəcəyini vurğulayıb: "Bir çox ölkələrin qanunvericiliyində doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiq edən sənədlər sırasında göstərilir. Bu şəhadətnamə Azərbaycanda doğulan şəxslərin vətəndaşlığı ilə bağlı məsələləri qəlizləşdirəcək. İndiyə qədər doğum haqqında şəhadətnamə vətəndaşlığı göstərən sənəd kimi qəbul olunurdu. İndi dövlət orqanları başqa sənədlər istəyəcəklər, əlavə problemlər yaranacaq".Sədr Oqtay Əsədov deyib ki, heç kim vətəndaşlıqdan azad edilmir, söhbət başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərdən gedir: "Söhbət yalnız hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Əgər o şəxs başqa ölkənin ordusunda, bələdiyyəsində iştirak edirsə, üzərinə öhdəlik götürür". YAP icra katibinin müavini Mübariz Qurbanlı məsələyə etirazları başa düşmədiyini bildirib: "Bu insanlar başqa ölkələrin ordusunda, dövlət qurumlarında çalışırsa, üzərinə öhdəliklər götürür. Deməli, sabah bizim üzərimizə də gələ bilərlər. Məgər bu qanunun niyə qəbul edildiyini bilmirsiz? Biz vətənimizin qiymətini bildiyimiz kimi, vətəndaşlığımızın da qiymətini bilməliyik. Bizim ölkədə də vətəndaşlığı qəbul etmək istəyən əcnəbilər var. Azərbaycan gücləndikcə bizim pasportumuzun, vətəndaşlığımızın da əhəmiyyəti artır. Vətəndaşımız da bilməlidir ki, Azərbaycan vətəndaşlığını kənara qoyub, başqa ölkənin vətəndaşlığını qəbul edəndə çox şey itirə bilər. Bəzi adamlar istəyirlər ki, həm Azərbaycanda, həm kənarda otursunlar. Şəxs başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik Azərbaycan vətəndaşlığını itirir. Biz sadəcə, bu qanunla özümüzü qorumağa çalışırıq. Dövlət özünü qorumayıb, nə etməlidir? Gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkənin vətəndaşlığını qəbul etsin, sonra da bu, bizə problem yaratsın? Bu qanun diaspora fəaliyyətinə mane olmayacaq. Elm sahəsində mütəxəssis kimi xarici ölkələrə gedənlər müqavilə əsasında Azərbaycan vətəndaşı kimi çalışacaq. Bu, biznes fəaliyyətinə də təsir göstərməyəcək. Biz bu dəyişiklərlə vətəndaşlığımızın əhəmiyyətini artırırıq".Ə. Hüseynli deputatların suallarına cavab olaraq bir daha nəzərə çatdırıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşlığın itirilməsi mexanizmi olmayıb: "Buna görə Konstitusiya Məhkəməsinə müraciət etməyə də ehtiyac yoxdur. Çünki söhbət vətəndaşlıqdan məhrum edilməkdən yox, könüllü vətəndaşlığın itirilməsindən gedir. Şəxs könüllü başqa ölkənin ordusunda, seçkili orqanlarda iştirak edirsə, bu, könüllü vətəndaşlıqdan imtinadır. İtaliya, İspaniya və digər ölkələrdə də bu mexanizm var". Ə. Hüseynli qeyd edib ki, qanuna əlavə və dəyişikliklərdə məqsəd vətəndaşı dövlətlə münasibətdə məsuliyyətli olmağa dəvət etməkdir: "Atılan bu addımlar Konstitusiyaya uyğundur".

sia.az

Digər xəbərlər